Tarix təkrarlandı! - Qəzzaya yardım aparan gəmi hücuma məruz qalıb

Qəzzaya humanitar yardım aparan “Vicdan” adlı gəmi Malta sahillərində beynəlxalq sularda pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.
Crossmedia.az türk mətbuatına istinadən xəbər verir ki, Azadlıq Donanması Koalisiyası hücumun arxasında İsrailin dayandığını bildirib.
BBC, hadisə zamanı yaxınlıqdakı neft tankerindən qeydə alınan təcili yardım çağırışının səs yazısını əldə edib. Qeyddə gəmi kapitanının pilotsuz hücum və göyərtədə yanğın haqqında məlumat verdiyi eşidilir.
Hücum nəticəsində gəminin generatoru sıradan çıxıb, elektriksiz qalan gəmi batmaq təhlükəsi ilə üzləşib.
Malta hökuməti isə yanğının gecə saat 02:28-də nəzarət altına alındığını, 12 ekipaj üzvü və 4 mülki şəxsin sağ olduğunu açıqlayıb.
Azadlıq Donanması Koalisiyası 21 ölkədən olan 30 nəfərin gəmidə olduğunu bildirsə də, Malta hökuməti bu sayın 16 olduğunu iddia edir.
Təşkilat, İsrailin Qəzzaya qarşı tətbiq etdiyi blokadanı və beynəlxalq sularda həyata keçirdiyi hücumları beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirərək, məsuliyyət tələb edib.
İsrail ordusu isə yalnız hücumla bağlı xəbərləri araşdırdıqlarını açıqlayıb.
Xatırladaq ki, 2010-cu ildə də buna bənzər hadisə baş vermişdi. Türkiyəyə məxsus “Mavi Mərmərə” adlı yardım gəmi Qəzzaya yollanarkən İsrail hücumuna məruz qalmış, 10 fəal həyatını itirmişdi.
Aybəniz Səfərova
21:12 02.05.2025
Oxunuş sayı: 1392