Argentinanın cənubunda güclü zəlzələ: Əhali təxliyə edilir

Argentinanın cənubunda və Çili sahillərində 7,4 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Cape Horn və Antarktida arasındakı Dreyk keçidində, 10 kilometr dərinlikdə baş verib.
Zəlzələdən qısa müddət sonra eyni ərazidə 7,1 bal gücündə ikinci bir təkan da hiss olunub.
Çili Milli Fəlakətlərin Qarşısının Alınması Agentliyi (SENAPRED) Maqallanes bölgəsində sunami təhlükəsi ilə əlaqədar əhalinin təxliyə ediləcəyini açıqlayıb. Rəsmi qurumlar hadisə ilə bağlı monitorinqi davam etdirir.
Təkanların yaxın ərazilərdə əlavə zəlzələlərə və dalğalanmalara səbəb ola biləcəyi istisna edilmir.
Xatırladaq ki, mayın 1-də Argentinada 5,8 bal gücündə zəlzələ baş vermişdi.
Aybəniz Səfərova
17:49 02.05.2025
Oxunuş sayı: 855