Suriya Daxili İşlər Nazirliyinin qüvvələri Süveyda vilayətinə yerləşdiriləcək

Suriya hökuməti ölkənin cənubunda yerləşən və əsasən druz icmasının yaşadığı Süveyda vilayətində təhlükəsizliyi gücləndirmək üçün yeni addımlar atmağa hazırlaşır. Bu çərçivədə Daxili İşlər Nazirliyinin qüvvələrinin bölgəyə yerləşdirilməsi planlaşdırılır.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu barədə “Rical əl-Kəramə” adlı nüfuzlu druz hərbi fraksiyasının lideri Leys əl-Balus məlumat verib. Onun sözlərinə görə, Suriya DİN qüvvələri Dəməşq-Süveyda avtomobil yolu boyunca mövqe tutacaq və vilayətin müdafiəsini təmin edəcək.
Leys əl-Balus həmçinin bildirib: “Bölgədə sabotaj yaratmağa çalışan qüvvələr var və biz hökumətlə koordinasiyalı şəkildə onlara qarşı tədbirlər görməyə çalışırıq.” Bu bəyanat druz icmasının hökumətlə əlaqələrinin güclənməsinə və bölgədə sabitliyin bərpasına yönəlik bir addım kimi qiymətləndirilir.
Son aylar ərzində Süveyda vilayətində separatçı meyllər və silahlı qarşıdurmalar artmışdı. Suriya hakimiyyəti bu gərginliyi aradan qaldırmaq üçün həm siyasi, həm də hərbi vasitələrlə bölgəyə nəzarəti bərpa etməyə çalışır.
Fatimə Nəbiyeva
08:16 02.05.2025
Oxunuş sayı: 907