Qəzza xəritəsi yenidən çəkilir: Atəşkəs pozuldu, əhali sıxışdırılır

İsrailin 18 martda HƏMAS-la olan iki aylıq atəşkəsi pozmasından sonra Qəzzada döyüşlər yenidən başlayıb. Altı həftə ərzində İsrail ordusu bölgənin xəritəsini əsaslı şəkildə dəyişib. Birləşmiş Millətlər Təşkilatına görə, ərazinin təxminən 70 faizi “hərbi qırmızı zona” elan olunub. Yüz minlərlə fələstinli getdikcə daralan ərazilərə sıxışdırılıb.
Crossmedia.az İsrail ordusuna istinadən xəbər verir ki, təxliyə əmrləri mülki şəxslərə döyüşlər başlamazdan əvvəl ərazini tərk etmək imkanı verir və ərazidə qalanlar artıq hərbi hədəf hesab olunur.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına əsasən, son təxliyə göstərişləri sərhəd bölgələrini və yaşayış mərkəzlərini əhatə edib, nəticədə 420 mindən çox insan yerindən edilib.
İsrail Qəzzanın həm İsrail, həm də Misir sərhədləri boyunca yerləşən tampon zonalarını genişləndirib. Rəsmi Tel-Əviv bu əraziləri tərk etməyəcəyini bildirir. Ordu bu sahələri “giriş qadağalı” zona elan edib və fələstinlilər bu ərazilərə yaxınlaşarsa, atəşə tutulma riski ilə üzləşirlər.
Ən böyük genişlənmə keçən ay İsrail ordusunun daxil olduğu Rəfah şəhərində baş verib. Misir sərhədində yerləşən bu şəhər əvvəlcə “Filadelfiya dəhlizi” kimi tanınan tampon bölgənin bir hissəsi idi. Bu ay İsrail həmin zonanı şimala Xan Yunisə və yeni elan edilmiş Morag dəhlizinə qədər genişləndirdiyini açıqlayıb.
Qəzza xəritəsindəki bu dəyişikliklər İsrailin HƏMAS-ın əlində saxladığı girovları azad etməyə məcbur etmək və təhlükəsizlik səbəbi ilə həyata keçirdiyini iddia etdiyi addımlardır. Lakin bu ərazi dəyişiklikləri uzun müddətdir planlaşdırıldığı deyilən Qəzza işğalının mərhələli şəkildə həyata keçirildiyini göstərir.
Müharibənin ilk aylarında İsrail qüvvələri ilk tampon zonanı yaratmaq üçün şəhərdəki binaları və kənd təsərrüfatı sahələrini məhv edib. İsrailli rəsmilər bunun HƏMAS tunellərini məhv etmək və yeni hücumların qarşısını almaq üçün lazım olduğunu desə də, hüquq ekspertləri bu metodların beynəlxalq hüquqa zidd olduğunu bildirirlər.
Apreldən bəri minlərlə ehtiyatda olan və təqaüddəki israilli hərbçi birlikdə bəyanatlar yayaraq Baş nazir Benyamin Netanyahunu müharibəni dayandırmağa çağırıb. BBC-yə görə, bu çağırışlara 12 mindən çox insan imza atıb.
Mədinə Cəlilova
21:10 01.05.2025
Oxunuş sayı: 635