İsrail noyabrdakı atəşkəsdən sonra üçüncü dəfə Beyrutu bombaladı

İsrail qırıcıları bazar günü Beyrutun cənub kənar məhəllələrini bombalayıb. Bu, İsrail ilə Hizbullah arasında ötən ilin noyabr ayında əldə olunan atəşkəsdən sonra Livan paytaxtına edilən üçüncü hava hücumu olub.
İsrail ordusu hücumdan təxminən bir saat əvvəl Hadath bölgəsindəki Hizbullah obyektlərini hədəf alacağını elan edib və yerli sakinlərə həmin ərazidən ən azı 300 metr uzaqlaşmaq barədə xəbərdarlıq verib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, xəbərdarlıqdan sonra iki xəbərdaredici atəş açılıb. Hücum zamanı insan tələfatı qeydə alınmayıb. Bombardmandan əvvəl Beyrutun El-Cemus məhəlləsinə yaxın ərazilərdə qırıcı təyyarələrin səsləri eşidilib və sakinlər bölgəni tərk edib.
Bazar günü baş verən hücum, son üç ay ərzində Beyrutun cənub bölgəsinə edilən üçüncü hücumdur. İlk hücum 28 mart tarixində baş verib və xəbərdarlıqla həyata keçirilib, ikinci hücum isə 1 aprel tarixində baş verib və nəticədə dörd nəfər, o cümlədən bir Hizbullah rəsmisi həlak olub.
Hizbullahın liderlərindən Şeyx Naim Kəssəm bildirib ki, İsrail Livan hava məkanını pozmağa və cənub bölgəsində hərbçi yerləşdirməyə davam etdiyi müddətdə Hizbullah silahı yerə qoymayacaq.
Livan hakimiyyəti isə İsrailin cənub və şərq bölgələrinə qarşı hər gün həyata keçirdiyi hücumlara son verilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib. Livan Prezidenti Cozef Aun son hücumu pisləyərək, ABŞ və Fransanı atəşkəsin qorunmasında məsuliyyətli olmağa və İsrailə təzyiq göstərməyə çağırıb.
İsrail isə açıqlamasında hücumların yalnız Hizbullah üzvlərinə və onların infrastrukturuna qarşı yönəldiyini bildirib.
Fatimə Nəbiyeva
12:00 28.04.2025
Oxunuş sayı: 863