Dünyada hərbi xərclər son onilliklərin ən yüksək həddinə çatdı

2024-cü ildə dünyada hərbi xərclər rekord səviyyəyə çataraq son onilliklərin ən yüksək göstəricisini qeydə alıb. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni araşdırmasında məlumat yayıb. Tədqiqatda qeyd olunub ki, artan hərbi büdcələr dünyada yeni geosiyasi gərginliklər və təhlükələr dövrünün başlandığını göstərir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ötən il dünya üzrə ümumi hərbi xərclər 2,718 trilyon ABŞ dolları təşkil edib. Bu, 2023-cü illə müqayisədə 9,4% artım deməkdir. Bu artım faizi soyuq müharibənin başa çatmasından sonra qeydə alınan ən böyük illik artım kimi tarixə düşüb.
SIPRI mütəxəssislərinin açıqlamasına görə, 2024-cü ildə 100-dən çox ölkə müdafiə sahəsinə ayırdığı vəsaiti artırıb. Xüsusilə, bəzi bölgələrdə baş verən münaqişələr, regional gərginliklər və böyük güclər arasında artan rəqabət bu artımı sürətləndirən əsas amillər sırasındadır.
Mütəxəssislər bildirirlər ki, hazırkı tendensiya dünyada silahlanma yarışının daha da sürətlənəcəyindən xəbər verir və bu da beynəlxalq təhlükəsizlik mühitində əlavə risklər yaradır.
Fatimə Nəbiyeva
10:15 28.04.2025
Oxunuş sayı: 774