Donald Tramp üçüncü dəfə prezident ola bilərmi?

ABŞ-nin Prezidenti Donald Tramp üçüncü dəfə prezident olmaq ehtimalı barədə danışıb. Onun rəhbərlik etdiyi “Trump Organization” isə üzərində sadəcə “Trump 2028” yazılan qırmızı papaqlar satışa çıxarıb. ABŞ Konstitusiyasına görə, bir şəxs iki dəfədən çox prezident seçilə bilməz.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Tramp verdiyi müsahibədə üçüncü dəfə prezidentliyə namizəd olmaq ehtimalı barədə “bunu etməyin yolları var” deyib. O bildirib: “Mən zarafat etmirəm… Çox insan istəyir ki, bunu edim.” Tramp, prezidentlik müddətinin sonunda 82 yaşında olacağını, lakin işləməyi sevdiyini də qeyd edib.
Bu məsələ Trampın ilk dəfə gündəmə gətirdiyi mövzu deyil. O, daha əvvəl də tərəfdarlarına “bir, iki, üç, hətta dörd dəfə xidmət etməyin şərəf olduğunu” söyləmişdi. Aprel ayında isə Trampın rəsmi onlayn mağazasında “Trump 2028” papağı 50 dollara satışa çıxarılıb.
ABŞ Konstitusiyası açıq şəkildə üçüncü dəfə prezident seçilməyə icazə vermir. 22-ci düzəlişə əsasən, “heç bir şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.” Konstitusiyanı dəyişmək üçün isə həm Senatda, həm də Nümayəndələr Palatasında üçdə iki səs, üstəlik ştatların dörddə üçündən təsdiq tələb olunur. Hazırda bu mümkün görünmür.
Buna baxmayaraq, bəzi Tramp tərəfdarları konstitusiyada boşluq olduğunu iddia edir. Onların fikrincə, 22-ci düzəliş yalnız seçilməkdən bəhs edir, varislik yolu ilə prezident olmaq qadağan olunmur. Bu ssenariyə görə, Tramp 2028-ci ildə vitse-prezidentliyə namizəd ola bilər. Əgər seçilərsə, prezident istefa verə və Tramp varis kimi vəzifəyə keçə bilər.
Hüquq ekspertləri isə bu fikirləri əsassız hesab edir. Notre Dame Universitetinin hüquq professoru Derek Muller qeyd edib ki, Konstitusiyanın 12-ci düzəlişinə görə, prezidentliyə namizəd ola bilməyən biri vitse-prezidentliyə də namizəd ola bilməz. Digər hüquqşünaslar da bu cəhdlərin hüquqi əsasının olmadığını bildirir.
ABŞ tarixində yalnız Franklin Delano Ruzvelt dörd dəfə prezident seçilib. 1945-ci ildə, dördüncü müddətinin əvvəlində vəfat edən Ruzveltdən sonra iki müddət məhdudiyyəti 1951-ci ildə qanunla rəsmiləşdirilib.
Fatimə Nəbiyeva
20:39 26.04.2025
Oxunuş sayı: 1032