Ermənistan müharibəyə hazırlaşır: vəziyyət göründüyündən daha gərgindir - MÜSAHİBƏ

Redaksiyamızın bu dəfəki qonağı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini, professor, siyasi elmlər doktoru, Əməkdar jurnalist Hikmət Babaoğludur. Hikmət müəllimlə ölkəmiz, regionumuz, Türk Dünyası və mətbuatımız üçün maraqlı olan məsələlərdən danışdıq. Hikmət müəllimlə müsahib kimi çox faydalı bir müzakirəmiz oldu. Suallarımıza ətraflı, maraqlı, dolğun cavablar verdi. Onun istər millət vəkili, istər siyasət elmi üzrə alim, istərsə də jurnalist kimi hadisələrə yanaşması bizlər üçün maraqlı məqamları gündəmə gətirdi. İnanırıq ki, müsahibəni oxuyan oxucularımız üçün də Hikmət Babaoğlunun açıqlamaları maraqlı və faydalı olacaq...
- Azərbaycan-Ermənistan arasında sülh sazişinin bəndlərinin hazır olduğu bildirilir. Lakin Azərbaycan tərəfinin bəzi tələb və şərtləri hələ də gündəmdədir. Bu kontekstdə, sizcə, sülh prosesinin hazırkı mərhələsini necə qiymətləndirmək olar?
- Madam ki, siz bu məsələni çox əsaslı və fundamental şəkildə qoyursunuz, elə gəlin məsələnin nə qədər fundamental, nə qədər dərin olduğunu anlamağımız üçün ona tamamilə yeni prizmadan baxaq. Mənə elə gəlir ki, biz bu gün cari çağırışlarla və baş verən gündəlik proseslərlə bağlı danışırıq, amma məsələnin tarixi mahiyyətinə toxunmuruq. Ona görə də istəyirəm ki, məsələni tarixi kontekstdə qiymətləndirək. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan dövlətçilik tarixində yeni bir tarixi mərhələ yaradıb. Ermənistanla münasibətlər isə bunun kiçik bir parçasıdır. Bu gün yeni reallıqda Azərbaycan öz dövlətçilik missiyasının tarixi köklərinə yaxınlaşmaqdadır. Azərbaycan xalqı kiçik mənada Cənubi Qafqaz regionunda yox, böyük mənada Cənubi Qafqazdan Türküstana və Türküstandan Anadoluyadək uzanan geniş bir coğrafiyada öz tarixi rolunu oynamaq, onu bərpa etmək üçün bu gün yeni imkanlara sahib olub. Ermənistanla münasibətlər isə bu böyük mənzərənin kiçik bir hissəsidir.
Çünki Ermənistan dövlətinin bu regionda sona qədər mövcud olması ilə bağlı məndə müəyyən şübhələr var. Yəni Ermənistan Cənubi Qafqazın etno-siyasi landşaftının heç vaxt bir parçası olmayıb. Süni şəkildə bu landşafta — həm etno-siyasi, həm də etno-kulturoloji mühitə — daxil edilib. Buna görə də onun burada sona qədər yaşaması mümkün deyil. Nə qədər ki, Ermənistan yad bir “landşaft bitkisi” kimi burada bəslənilir, xüsusi “çətir” və “istixana effekti” ilə qorunur, o qədər də yaşayacaq. Onu qoruyan güclər əllərini üzən kimi, o, məhv olmağa, daha doğrusu, bu coğrafiyadan köçməyə məhkumdur.
Lev Qumilyov “etno-landşaft” ifadəsini işlədir və mən düşünürəm ki, bu, çox maraqlı bir anlayışdır. Etno-landşaft nədir? Etno-landşaft müəyyən bir yüksəklikdə, ərazidə, relyefdə formalaşmış özünəməxsus bitki örtüyüdür. Bunu siyasətə tətbiq etsək görərik ki, Ermənistan bu etno-siyasi landşaftın məhsulu olmadığı üçün bu coğrafiyada, bu mühitdə yaşamaq imkan və potensialına malik deyil.
Ona görə də deyirəm ki, yeni siyasi reallıq kontekstində məsələyə fundamental şəkildə yanaşdıqda, Ermənistan-Azərbaycan münasibətlərinə cari münasibətlər kimi baxmaq düzgün deyil. Gələcəkdə bu münasibətlərin keyfiyyəti dəyişəcək. Tarixi ədalət bərpa olunduqdan sonra Ermənistan bu mədəni coğrafiyada əriməlidir, bu siyasi coğrafiyada yox olmalıdır.
Məhz bu səbəbdən Qərbi Azərbaycana qayıdış da həmin strateji məqsədə doğru atılmış bir mərhələ, bir hədəfdir.
Hazırda isə Azərbaycan Prezidenti ən son ADA Universitetində keçirilən forumda Ermənistan–Azərbaycan münasibətlərini, mənə elə gəlir ki, çox mühüm şəkildə qiymətləndirdi. Əgər biz bu prizmadan yanaşsaq, görərik ki, Azərbaycan Prezidenti paradigma dəyişən fikirlər səsləndirdi. Bu fikirləri izah etdikdən sonra hazırkı mərhələdə Ermənistan–Azərbaycan münasibətlərini və ümumilikdə sülh məsələsini daha aydın şəkildə şərh edə bilərik.
Azərbaycan Prezidenti bildirdi ki, Ermənistanda revanşistlər var və onları iki qrupa ayırdı. O dedi ki, “Azərbaycanla sülh şəraitində yaşamaq üçün Ermənistanda nə siyasi düşüncə, nə də etnik təfəkkür mövcuddur”. Bu, çox vacib bir yanaşmadır. Məncə, ilk növbədə buradan başlamaq lazımdır: Revanşizmin subkomponentləri nələrdir? Radikal, passiv, aktiv – fərq etməz, revanşizmi bəsləyən əsas amillər etnik nifrət və narsizmdir, qisasçılıq hissidir.
Əgər Ermənistan cəmiyyətində bu sadalananlardan kənarda olan sağlam bir sosial mühit yoxdursa, biz heç vaxt sülhdən danışa bilmərik. Azərbaycan Prezidenti də məhz bunu deyirdi: Sülh üçün ilk növbədə sülhün daşıyıcısı olan ictimai təfəkkür lazımdır. Bu səbəbdən Prezident vurğuladı ki, “Biz Paşinyan komandasıyla sülh müqaviləsi imzalamaq istəmirik. Biz Ermənistan xalqı ilə sülh müqaviləsi bağlamaq istəyirik”.
Çünki sülhün təminatçısı, nəticə etibarilə, xalqdır. Amma biz bu gün ermənilərə “xalq” desək belə, düşünürəm ki, onlar daha çox icmadırlar. Çünki icma təfəkkürü ilə yaşayırlar. Belə olan halda, əgər bu təfəkkür sülhü dəstəkləmirsə, deməli, sülh sadəcə kağız üzərində qalacaq bir sənəddir.
Məsələ daha mürəkkəbdir, alt qatlara endikcə dərinləşir. Ermənistan öz mövcudluğunu kənardan onu qidalandıran siyasi resurslar və potensial hesabına qorumağa çalışır. Yəni donor siyasi və etno-mədəni kontekstdə Ermənistan donor ölkələrdən “qan” alır. Dünənə qədər bu qanı Çar Rusiyası verirdisə, sonra SSRİ, daha sonra yenidən Rusiyanın fərqli simaları verdisə, bu gün artıq vəziyyət dəyişib.
İndi Ermənistanı donor qanı ilə ABŞ, Fransa və İran bəsləyir. Əgər desəniz ki, ən çox kim bəsləyir — bu, məhz İrandır. Məhz bu günlərdə İran və Ermənistan hərbçiləri birgə təlimlər keçirdilər. Donor dəstəyinin komponentlərinə baxsaq — iqtisadiyyat, ərzaq, neft, yanacaq, hərbi ləvazimat, sursat — bunların əksəriyyətini İran təmin edir.
Bu resurslar kəsildikdə, Ermənistanın “reanimasiya pəncərəsində” siyasi olaraq yaşamaq imkanı qalmayacaq. Zəngəzur dəhlizi də məhz bu səbəbdən aktualdır. Çünki İranda mövcud olan fars-şovinist rejim başa düşür ki, Azərbaycanın güclənməsi, əslində, İranda yaşayan Azərbaycan türklərinin də güclənməsi deməkdir. Buna görə də Ermənistanın həmin “reanimasiya şüşəsində” yaşaması üçün əllərindən gələni edirlər.
Bütün bu detallar birləşdirilərsə, ümumi tablo belə görünür: Nə qədər sülhdən danışsaq da, bu sülh olmayacaq. Çünki Ermənistanda sülhü qidalandıran ictimai-sosial mühit mövcud deyil. Deməli, bu sülh yaşaya bilməyəcək.
Buna görə Azərbaycan Prezidenti haqlı olaraq, heç olmasa, hüquqi və ya siyasi müstəvidə gələcəkdə Ermənistanda yetişə biləcək icma nümayəndələrinin Azərbaycana qarşı iddia irəli sürmələrinin qarşısını almaq istəyir. Ona görə də konstitusiyanın dəyişdirilməsini zəruri sayır.
İndi isə keçək cari məsələlərə. Hazırda vəziyyət necədir? Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlərdən bir neçə gün sonra Ermənistanın xarici işlər naziri Azərbaycan Prezidentinin bir tələbini Antaliya Diplomatik Forumunda şərh etdi.
O dedi ki, “Biz ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı sülh müqaviləsini eyni vaxtda imzalaya və eyni vaxtda bu tələbi qəbul edə bilərik”. Bu isə artıq qoyulan şərtlərdən birinin qəbul edilməsi deməkdir.
Azərbaycan Prezidenti tərəfindən irəli sürülən ikinci konstitusiya şərtinə Paşinyan da cavab verdi. Bildirdi ki, Ermənistanın yeni konstitusiya layihəsində preambula hissəsinə istinad etməyə bilərlər. Bu, mənim fikrimcə, diqqətdən kənarda qalsa da, ikinci şərtin qəbul edilməsi istiqamətində atılmış mühüm bir addım kimi qiymətləndirilə bilər. Amma bunlar hələlik sadəcə bəyanatlardır. Ermənistanın real addımlarına nəzər salsaq, görərik ki, bu açıqlamalar sadəcə vaxt udmaq məqsədi daşıyır. Çünki Ermənistan ciddi şəkildə müharibəyə hazırlaşır, bütün şərti sərhəd boyunca Azərbaycanın mövqelərini atəşə tutur.
Hazırkı davranışlar 2020-ci ilin iyul ayında baş verən Tovuz hadisələrini xatırladır. Artıq Zəngəzurdan, Göyçədən başlayaraq daha qərbə doğru, Qazax, Kəmərli və Tovuza qədər mövqelərimiz atəşə tutulur. Bu, Azərbaycanın Avropaya çıxan strateji kommunikasiyalarının keçdiyi dar boğazdır. 2020-ci ilin iyununda Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan bildirmişdi ki, “Azərbaycan bizdən nə istəyir ki, biz onlara güzəşt etmişik – onların kommunikasiyaları işləyir, biz də Avropaya çıxış yollarını bağlamamışıq”. Bu bəyanatdan dərhal sonra Tovuzda mövqelərimiz atəşə tutuldu. Bu gün Kəmərli və Tovuzda mövqelərimizin hədəfə alınması həmin hadisələri xatırladır.
Paşinyan başa düşür ki, 2026-cı ildən sonra hakimiyyətdə qalması üçün ona “uğur hekayəsi” lazımdır. Bu ya sülhü bağlayıb onun kölgəsində seçkiyə getmək, ya da lokal əməliyyat keçirib mövqe əldə edərək “qəhrəmanlıq” imici ilə seçkiyə getmək olmalıdır. Ona görə də vəziyyət göründüyündən daha gərgindir. Ermənistan doğrudanmı ilin sonuna qədər referendum keçirəcək və konstitusiyanı dəyişəcək? Doğrudanmı ATƏT-in Minsk Qrupunun ləğvinə razıdırlar? Əgər belədirsə, nəyə görə sülh müqaviləsini gözləyirlər? Əgər səmimidirlərsə, qoy bu addımları elə indi atsınlar.
Bu iki məsələ – konstitusiya dəyişiklikləri və Minsk Qrupunun rəsmən ləğvi reallaşarsa, məncə sülhə bir qədər yaxınlaşa bilərik. Ermənistan, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Tbilisidə görüş keçirdilər. Ümid edirəm ki, bu görüş yeni bir raund üçün imkan yaradacaq. Yalnız bundan sonra nələrin ola biləcəyini proqnozlaşdırmaq mümkün olacaq. Amma mənə elə gəlir ki, sülhə əngəl olan əsas məsələlərdən biri Zəngəzur dəhlizidir. Doğrudur, bu məsələ sülh danışıqlarından formal olaraq çıxarılıb. Amma hər kəs bilir ki, Zəngəzur dəhlizi sülhün olmazsa-olmazıdır.
- Biz Qarabağ problemini həll etmiş bir dövlətik. İndi isə qarşımızda yeni bir hədəf var – Qərbi Azərbaycana qayıdış. Bu qayıdış baş tutacaqmı?
- Bu, yeni reallıqlar fonunda qarşıda dayanan milli çağırışlardan biridir. Ən optimist və ən savadlı beynəlxalq siyasət eksperti belə proqnozlaşdıra bilməzdi ki, Azərbaycan Xankəndiyə, Əsgərana, Ağdarəyə qayıdacaq. Amma bu baş verdi. Məncə bu, siyasətdə bir möcüzədir. Çünki siyasi elmin paradiqmaları ilə bu proses izah olunmur.
Eyni məntiqlə yanaşsaq, bu gün Qərbi Azərbaycana qayıdış da möcüzə kimi görünə bilər. Amma biz elə bir dövlət və liderə sahibik ki, bu da mümkündür və olacaq. Bu, həm ədalət, həm beynəlxalq hüquq, həm də xalqın iradəsi tərəfindən tələb olunur. Qayıdış ideyası siyasi yox, hüquqi məqsəd kimi formalaşdırılıb və bu, daha doğru yanaşmadır. Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşündə bu qayıdışın hüquqi, siyasi və diplomatik əsaslarını müəyyən edib.
Hazırda vəziyyət belədir: BMT-nin Baş Assambleyasında Qərbi Azərbaycanla bağlı 30-dan çox sənəd yayımlayıb. Bu o deməkdir ki, iddiamız hüquqi baxımdan əsaslıdır. Artıq Ermənistan da bu reallığı qəbul edir. Təxminən bir ay əvvəl Paşinyan yeni konstitusiya layihəsi çərçivəsində “Real Ermənistan” nəzəriyyəsi kontekstində 14 maddəlik sənəd təqdim etdi. Orada deyilir ki, Ermənistan Konstitusiyası yalnız ermənilərin deyil, digər xalqların da hüquqi sənədidir. Amma Ermənistan ərazisində yaşayan real “digər xalqlar” yoxdur. Əgər bu ifadə varsa, bu, tarixən orada yaşamış və dövlətin qurulmasında iştirak etmiş azərbaycanlılara işarədir.
Azərbaycan xalqı haqlıdır ki, tarixən birgə qurduğu dövlətə sahib çıxmağı tələb etsin.
Ona görə də Qayıdış Konsepsiyasında aşağıdakı əsas prinsiplər nəzərdə tutulur: 1.Ermənistan Konstitusiyasına çıxışın mümkünlüyü; 2.İnklüziv cəmiyyətin formalaşdırılması; 3. Qərbi Azərbaycana qayıdan azərbaycanlıların təhlükəsizliyinin Ermənistan Konstitusiyası ilə təmin olunması; 4.Qərbi azərbaycanlıların yaşadıqları ərazilərdə, onlar Ermənistan cəmiyyətinə tam inteqrasiya edənə qədər, beynəlxalq səviyyədə etibar edilən bir tərəf tərəfindən təhlükəsizliyin müvəqqəti təmin olunması.
Buradan belə nəticə çıxır ki, artıq Qərbi Azərbaycana qayıdışın forma və metodları üzərində düşünmək vaxtıdır. Qərbi azərbaycanlılar tarixən Ermənistanın bütün bölgələrində – başda İrəvan olmaqla – şəhər və kəndlərində yaşayıblar. Bu səbəbdən, bugünkü etnik nifrət və düşmənçilik mühitində bir anda hamının təhlükəsiz şəkildə geri dönməsi real görünmür. Bu məsələyə realist yanaşdıqda görürük ki, qayıdışın forması mərhələli şəkildə ola bilər.
Məsələn, ilkin mərhələdə daha az riskli bölgələr seçilərək pilot layihələr həyata keçirilə bilər. Bu zaman həm beynəlxalq müşahidəçilərin iştirakı təmin olunmalı, həm də Ermənistanın beynəlxalq öhdəliklərinə uyğun olaraq həmin insanların təhlükəsizliyi və mülki hüquqları qorunmalıdır. Tədricən, bu model digər bölgələrə də tətbiq edilə bilər. Əsas məqsəd Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və hüquqi əsaslarla öz torpaqlarına qayıdışını təmin etməkdir.
Qayıdışın ilk mərhələsi olaraq Azərbaycanla sərhəd bölgələrində Qərbi azərbaycanlıların kompakt şəkildə məskunlaşdırılması nəzərdə tutulur.
Bu proses Qərbi Zəngəzurdan, Göyçədən və Dərələyəzdən başlayaraq, Dilican dərəsi boyunca Qazaxa qədər uzanan əraziləri əhatə edə bilər. Azərbaycanla sərhəd boyunca kompakt məskunlaşma baş tutduqdan sonra, bu ərazilər faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il sərhədləri çərçivəsində, 1919-cu ildə Paris Sülh Konfransı tərəfindən tanınan sərhədlərə uyğun gələcək. Bu mərhələdə təhlükəsizliyin təmin olunması da daha asan olacaq.
Lakin bu, müvəqqəti bir prosesdir. Növbəti mərhələdə isə məskunlaşma Ermənistanın mərkəzinə – o cümlədən İrəvana qədər uzanacaq. Çünki ümid edirik ki, bu mərhələdən sonra azərbaycanlılar və ermənilər arasında tarixi, ənənəvi münasibətlər tədricən bərpa olunacaq. Bu münasibətləri xatırlayan, birgə yaşamış nəsillər hələ də sağdır və birgə yaşayış modelinin bərpası üçün potensial mövcuddur.
Hazırda Ermənistan cəmiyyəti etnik nifrətlə zəhərlənmiş vəziyyətdədir. Bu nifrətin aradan qalxması üçün azərbaycanlıların geri qayıdaraq, birgə yaşayışın mümkün olduğunu praktik şəkildə göstərməsi vacibdir. Etnik qarşıdurmaların yerini qarşılıqlı anlaşmaya verməsi üçün bu proses mərhələli şəkildə həyata keçirilməlidir.
Bu mənada, “real Ermənistan” yalnız Paşinyanın bəyan etdiyi 29.8 min kvadrat kilometrlik ərazi deyil. Real Ermənistan – Azərbaycan Xalq Cümhuriyyətinin verdiyi 9.2 min kvadrat kilometrlik tarixi ərazi daxilində mövcud olacaq bir dövlətdir. Qayıdışın yolları da məhz bu məntiqli və hüquqi çərçivədən keçir. Bu, Ermənistanın parçalanması və ya Azərbaycan tərəfindən ərazi iddiası deyil.
Bu, yalnız azərbaycanlıların tarixi torpaqlarında – Ermənistan dövlətinin konstitusion təminatı altında – dinc və təhlükəsiz şəkildə yaşamaq hüququnun təmin olunmasıdır. Bu isə sırf hüquqa əsaslanan bir hədəfdir.
- Türküstan bölgəsindəki türk dövlətlərinin davranışları məyusluq yaratdı. Sizcə, Avropa bu proseslərə təsir göstərərək Türk Birliyinin formalaşmasına mane olurmu, yoxsa bu birliyin gələcəkdə güclənəcəyi ehtimalı var?
- Türk Dövlətləri Təşkilatı (TDT) bu gün çox mühüm bir regional birlikdir və böyük perspektivlərə malikdir. Azərbaycan Prezidenti Şuşada keçirilən beynəlxalq konfransda bəyan etdi ki, yeni dünya nizamında Türk Dövlətləri Təşkilatı güc mərkəzlərindən birinə çevrilə bilər. Bu, bizim üçün olduqca əhəmiyyətlidir. Çünki bu təşkilatın əsası 2009-cu ildə Naxçıvanda, məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk dövlətlərinin Əməkdaşlıq Şurası adı altında yaradılıb.
Qısa müddətdə inanılmaz dərəcədə təşkilatlanmağa nail olan bu birlik 2020-ci ildən etibarən “Türk Dövlətləri Təşkilatı” adını aldı. Bu isə təkcə Avropa deyil, Avrasiyanın digər aktorları tərəfindən də qısqanclıqla qarşılanır. Bəzi ölkələr bu birlikdən narahatlıq keçirirlər.
İran bu təşəbbüsü “Turan Birliyi” adlandıraraq şantaj dili ilə çıxış edir – qoy adlandırsın. Şimal qonşumuz da narahatlıq içindədir və bizə Altay dağlarını göstərərək “vətəniniz oradadır” deyir. Qərb dairələri isə bu birliyə qarşı açıq şəkildə narahatlıqlarını ifadə edirlər.
Amma böyük məqsədlərə gedən yol heç vaxt hamar olmur. Bu yol enişli-yoxuşlu, çətinliklərlə doludur. Avropa İttifaqının 12 milyard avroluq dəstəyi fonunda üç türk dövlətinin bəyanat yayması isə məncə, Türk Birliyini zəiflətməyə yönəlmiş cəhd kimi qiymətləndirilməlidir. Lakin bu məsələdə həm Azərbaycan, həm də Türkiyə rəsmilərinin sükut etməsi doğrudur – çünki ittihamlar qarşılıqlı ittihamlara yol açır.
Türk birliyini qorumağın yolu soyuqqanlılıqdan və strateji düşüncədən keçir. Əgər bu bəyanatlarla məqsəd Türk Birliyini sarsıtmaq idisə, bizim dərhal qardaş ölkələrə qarşı çıxış etməyimiz həmin məqsədə xidmət etmiş olardı. Buna görə də məsələyə keçici mərhələ kimi yanaşmaq və gələcəkdə daha düşünülmüş addımlar atmaq lazımdır.
Türk dünyasının liderləri kifayət qədər siyasi təcrübəyə və müdrikliyə malikdirlər. Bu hadisəni siyasətdə yol verilmiş, lakin düzəldilə biləcək bir yalnışlıq kimi qəbul etməliyik. Əsas məsələ, gələcəkdə bu cür səhvlərin təkrarlanmamasıdır. Qoy bu, sadəcə bir epizod kimi tarixdə qalsın – qardaşlığımıza xələl gətirmədən və birliyimizi sarsıtmadan.
- Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini tanıya bilərm, vaxt çatıbmı?
- Vaxt yetişir, çünki Azərbaycan Prezidenti ADA Universitetində keçirilən beynəlxalq forumda bildirdi ki, “biz Kuzey Kıbrıslı qardaşlarımızın məqsədlərini müdafiə etmək üçün əlimizdən gələni edəcəyik”. Məqsəd də Quzey Kıbrısı tanımaqdır. Bu gün biz böyük gələcəkdən danışırıq – hər bir Mərkəzi Asiya dövlətlərini “Türküstan dövlətləri” desək, daha doğru olar. Özbəkistanın, Qazaxıstanın çox böyük potensialı var. Bu gün bəlkə onlar kontinental qitədə özlərini bir qədər zəif hiss edirlər, amma hər dörd ölkənin mən deyərdim ki, potensialı gələcəkdə onların beynəlxalq münasibətlər sistemində qlobal aktora çevrilməsi üçün imkanlar yaradır.
Belə olan halda, tarixin bir mərhələsində gələcəkdə Türküstandakı dövlətlərin Ağ dənizə ehtiyacı olacaqdır. Və onların Ağ dənizə ehtiyacı olanda Şimali Kipr yada düşəcəkdir. Çünki məntiqi etibarilə nə Qazaxıstan kiçik bir coğrafiyaya məhkum ediləsi ölkədir, nə də Özbəkistan. Hələ Türkmənistanı demirəm. Bunların indi imzalanan o sənədlərdən daha böyük bir potensialı var – Türkmənistanın qazı, Özbəkistanın litium materialları, titan materialları, Qazaxıstan isə o səhraların dəryası və s. Belə olan halda zərurət yaranacaq ki, onlar artıq öz diplomatiyalarını, öz strateji məqsədlərini sadəcə Türküstanla, Orta Asiya ilə və qonşu ölkələrlə məhdudlaşdırmasınlar. Ağ dənizə çıxmağa ehtiyac yaranacaqdır. Aralıq dənizindən Afrika sahillərinə çıxmağa ehtiyac yaranacaqdır. Yaxın Şərqə çıxmağa ehtiyac yaranacaqdır. Çünki dünyanın gələcəyi Afrikaya doğru gedir. Sərmayələr Afrikaya doğru axır. Yaxın Şərqdə Azərbaycanın yarada biləcəyi mümkün reallıqlar – Türkiyə–İsrail–Azərbaycan üçbucağında ki, bununla bağlı çox strateji addımlar atır Azərbaycan Prezidenti – şübhəsiz ki, Orta Asiyadakı qardaşlarımızın diqqətini cəlb edəcəkdir.
Belə olanda artıq istər-istəməz bu gün tanımaq istədikləri Yunan Kiprinin, Yunanıstanın müqaviməti ilə üzləşəcəklər. Onda artıq daha korrekt strateji məqsədlər müəyyənləşdirəcəklər. Ona görə mən çox arxayınam, çünki ölkələrin potensialları və milli maraqları bir müddət sonra bunu onlara diqtə edəcəkdir.
- Avropa, xüsusilə Fransa ilə münasibətlərdə davamlı gərginlik müşahidə olunur. Onlar demək olar ki, hər mərhələdə Azərbaycan üçün çətinliklər yaratmağa çalışırlar. Bu münasibətlər gələcəkdə necə tənzimlənə bilər və diplomatik müstəvidə hansı addımlar atılmalıdır?
- Yeni dünya nizamına doğru gedən proseslərdə mühüm hadisələr baş verir. Dünya siyasətində beynəlxalq münasibətlərin yeni keyfiyyətdə tərtib olunması üçün çox böyük addımlar atılır. Biz, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya xalqları bundan əvvəlki dünya nizamında iştirak etməmişik. Nə Türkiyə, nə Azərbaycan, nə də digər Orta Asiya ölkələri. Biz bu gün o prosesdə iştirak edirik, hətta bəzən onun keyfiyyətini təyin edirik, yön veririk. Başda Azərbaycan-Türkiyə qardaşlığı olmaqla. Köhnə dünya nizamını diqtə edən tərəf Qərbdir. Tək başına diqtə edən tərəf Qərbdir. Orada Fransa da var idi. Yeni dünya nizamında biz Qlobal Cənubdan danışırıq. Azərbaycan Prezidenti yenə ADA Universitetində keçirilən tədbirdə çıxışında Azərbaycanı Qlobal Cənubun tərkib hissəsi adlandırdı. Mən nəyə görə tez-tez Azərbaycan Prezidentinə istinad edirəm? Çünki istinad edəcəyimiz mənbə odur. Bu gələcəkdə Çin ağırlıqlı bir gələcək olacaq. Qlobal Cənub deyəndə Çin ağırlıqlı Qlobal Cənubdan söhbət gedir. Belə olan halda, Çinin yüksəlişi və Avrasiyanın digər aktorlarının fəal təşəbbüsləri, şübhəsiz ki, yeni dünya nizamında Avropaya əvvəlki rolunu tanımayacaq. Mənə elə gəlir ki, qoca qitə yeni dünya nizamının keçmişinə çevriləcəkdir. Amma bu bir qədər çox tünd oldusa, hamının qəbul etməsi üçün fikirlərimizi bir az yumşaq deyək, əvvəlki qədər təsirli aktor olmayacaqdır. Buna görə Fransanın davranışları açığı indi bu mərhələdə Azərbaycanı narahat etmir. Əgər etsəydi, biz bir neçə gün bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının ofisində, ABŞ-da Bakı Təşəbbüs Qrupu olaraq Yeni Kaledoniya ilə birgə tədbir keçirib Fransaya meydan oxumazdıq. Həm iqtisadi baxımdan da Fransanın imkanları məhdudlaşır. Çünki Afrikada olan bütün müsləmləkələrini itirdi və Fransa rifahını təmin edən iqtisadiyyatını itirən mənbələrini də itirmiş oldu. Eyni zamanda Sakit Okean adaları da buna doğru gedir. Belə olan halda, yəni Fransanın gücünü zəiflədən birincisi maddi-iqtisadi əsaslar tapılır, ikincisi də, əlbəttə dediyimiz kimi, bu gün Fransa daha çox öz qitəsində özünün təhlükəsizliyi ilə məşğul olmalıdır. Nəticə etibarilə biz görürük ki, ABŞ sadəcə Avropada müttəfiq olaraq Anqlosakson ittifaqını görəcəkdir. Ona görə də Fransanın mövqeyi bir qədər də zəifləyəcəkdir bu konteksdə. ABŞ deyir, “Qrenlandiya mənimdir”, Fransanın səsi çıxmır. Kanada yarı fransız, yarı ingilis dövlətidir. Fransız əsilli baş nazir dərhal bir sözdən istefa verib gedir. Fransa Prezidentinin də buna etirazı olmur. Fransanın yaratdığı, onun mənəvi dəstək verdiyi Frankofoniya da dağılır. Siyasi konteksdə də böyük perspektivlər yoxdur.
- Əməkdar jurnalist Hikmət Babaoğlu Azərbaycan mətbuatının 150 illik yoluna nəzər salaraq onun inkişafını necə qiymətləndirir?
- Düşünürəm ki, Azərbaycan mətbuatı, ictimai fikrin tarixindən öncə, o ictimai fikir tariximizin təşəkkülü üçün zəmin yaradan bir hadisə idi. Biz 1870-ci illərdə başlayırıq, ictimai fikri Axundovla başlayırıq. Amma burada Axundovun baxışları, milli cazibə baxımından o qədər də aktual deyildi. Əgər biz “Kəmalüddövlə məktubları”nı ictimai düşüncəmizin fundamentinə qoymaq istəyiriksə, burada milli element demək olar ki, yoxdur. Cəlalüddövlə və Kəmalüddövlə Hindistan və İran şahzadələridir. Daha çox İran dövlətçiliyinin ictimai əsaslarından, siyasi əsaslarından söhbət açılır. Bizə milliliyi Azərbaycan mətbuatı gətirdi. Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı məktəb, ondan sonra kimləri yetişdirdi. Milli düşüncəni yetişdirmiş oldu. Ona görə Azərbaycan mətbuatı xalqımız qarşısında çox böyük xidmət həyata keçirib. Əli bəy Hüseynzadələrin, İsmayıl bəy Qaspıralıların, daha sonra müsavatçılığın ideya kimi yaranması, mənimsənilməsi, təbliği, Füyuzatçılığın yaranması bunlar milli təfəkkür üçün əsaslar yaradırdı. Yəni milli dövlətə gedən yolun başlanğıcı idi. Düşünürəm ki, Axundovla bərabər, mətbuatımızın da xidmətləri bugünki dövlətçiliyimiz üçün əsasdır. Azərbaycan mətbuatı nə etdi? Birincisi, milli düşüncəni gələcəyə daşıya bildi. İkincisi, hüquqi təfəkkürü yarada bildi. Bu çox vacibdir. Çünki milli mətbuatımızla başlayan “Əkinçi” hüququ, nəticə etibarı ilə milli hüququn gələcəkdə təmin olunması məsələsini aktuallaşdırdı. Artıq biz müsavatçılığa gələndə, ümmətçilikdən başlayıb millətçiliyə gedən bir hadisəyə şahid oluruq. Müsavatçılıq, əgər ilkin mərhələdə çar Rusiyası ərazisində yaşayan müsəlmanların bərabərliklərini və hüquqlarını tələb edirsə (ki, “müsavat” sözü bərabərlik sözü buradan gəlir), yəni çar Rusiyası ərazisində yaşayan xristianlarla müsəlmanların bərabərliyi, bir qədər sonra məhz Azərbaycan mətbuatının motivasiyasından, milli düşüncəsi ilə ümmətçilikdə millətçiliyə gələ bildik. Daha sonra isə bu hüququ maarifləndirmək bizi cümhuriyyətçiliyə gətirdi. Hər üç mərhələdə: ümmətçilik, millətçilik yaxşı mənada və cümhuriyyətçilik mərhələsi Azərbaycan mətbuatı ilə bağlıdır. Bu gün də mətbuat dövlətin əsas dayaqlarından biridir. Çünki nəticə etibarı ilə dövləti quran ünsürlərdən biri mediadır. Biz nəyə görə həssas yanaşırıq ictimai rəy üzərində? İctimai rəy kollektiv düşüncədir. Kollektiv fikirlər, media dövləti təbliğ edirsə, dövləti cazibə mərkəzi kimi təyin edirsə vətəndaş da sosial varlıq olaraq ona yönəlir. Mən fəxr edirəm ki, bizim belə bir mətbuat keçmişimiz var. Bu arada, əgər Azərbaycan mətbuatı 1875-ci ildən başlayıbsa, həmin illərdə İrəvanda da müəyyən milli mətbuat tariximizin nümunələri var. Bu barədə də danışmaq lazımdır. Hətta 1872-ci ildən başlayaraq İrəvanda bizim milli mətbuat ənənələrimiz formalaşmağa başlayıb. Mətbuat dünən nə qədər aktual idisə, bu gün də o qədər aktualdır. Sabah bundan da çox aktual olacaq, çünki informasiyanın hakimiyyəti get-gedə artır. Mən bir monoqrafiya yazmışdım. Orada yeni bir termin işlətmişdim: İnfokratiya. Biz demokratiyayı bilirik, aristokratiya isə aristokratların hakimiyyətidir. İndi isə biz infokratiya mərhələsindəyik. Bizim milli düşüncə və ictimai şüur üzərində informasiyanın hakimiyyəti var. Ona görə də mən düşünürəm ki, biz bu gün informasiya vətənindən, informasiya hakimiyyətindən, homoinformatikusdan danışmalıyıq. Gələcəkdə nə olacaq? Homohibrid dikotomu. Mən bu gün Azərbaycan Prezidentinə təşəkkür edirəm ki, əməkdar jurnalist kimi böyük fəxri adla təltif edib. Fəxr edirəm ki, ilk ictimai rəyin hakim olmasında əvəzsiz rol oynayan Yeni Azərbaycan Partiyasının eyni adlı qəzetinə 4 il rəhbərlik etmişəm. Bundan sonra düşünürəm ki, həmkarlarımın, milli mətbuatımızın üzərinə böyük bir vəzifə düşür. Çox sevinirəm ki, son dövrlərdə Azərbaycan mediası bütün məkanlarda bu tarixi çox böyük bir şərəflə gələcəyə daşımağı bacarır.
- Süni intellekt gələcəkdə jurnalistika proseslərini əvəz edə və ya ciddi şəkildə dəyişə bilərmi?
- Biz əslində süni intellektin məhsuluyuq özümüz. İnsan nə şəkildə dünyaya gəldi? Tarixizm necə yarandı? İnsan heç də özü-özünə indi iddia edildiyi kimi suyun içərisində yaranan mikroorqanizmlərdən formalaşmadı. Şumer dastanlarında, mənbələrində insanın homo sapiensin genetik kodu var. Bu gün genetika elmi təzə tapıb. Amma beş min il bundan əvvəl şumerlər onu çəkib qoyub. Ona görə düşünürəm ki, biz süni intellektin məhsuluyuq. Yəni bu, dini inanclara da zidd deyil. Bir Yaradan var. Allah yaradıbdır. Bu şəkildə insanlar proqramlaşdırılıb. O proqramdan kənara çıxa bilmərik – istər dərk etmə kontekstində, istər funksiya baxımından. Yəni nəyi nə qədər dərk edə biliriksə, o qədər dərk edirik. Ona görə bizim yaratdığımız süni intellekt də elə olacaqsa, bir müddət sonra bütövlükdə çox şeylər gətirəcək tərəqqiyə. Düşünürəm ki, burada da bir paralellik görünməkdədir. Təkamülün hədəfi yoxdur. Sonsuz təkamül nəyi gətirəcək, biz onu görəcəyik. Süni intellekt sadəcə bəşər sivilizasiyasının yeni inkişaf mərhələsində atdığı ilk addımdır. Təcrübəyə qayıtsaq, görəcəyik ki, bu həm də bizim keçmişimizdir, sadəcə gələcəyimiz deyil. Deyirik ki, mifologiya bəşəriyyətin uşaqlığıdır. Yox, mifologiya bəşəriyyətin müdrikliyidir. Çünki mifologiya bizdən əvvəlki sivilizasiyanı bizə ötürən nağıllardır. Ona görə mifologiyanın alt qatında olan bilgilərə ezoterik bilgilər deyirik. Ezoterik bilgilər bizimdir. Artıq kosmosa gedən raketimiz də var, süni intellektimiz də var. Ona görə mənə elə gəlir ki, bu təkamül bir-birinin davamıdır.
Həmayıl Şükürlü
10:25 19.04.2025
Oxunuş sayı: 7872