Türkiyənin Qaqauziyada rolu: yumşaq güc, etnik diplomatiya və geosiyasi tarazlıq

Son həftələrdə Qaqauziyada baş verən siyasi proseslər türk dünyasının bu bölgəsinə olan diqqəti artırmaqdadır. Qaqauzlar Moldova hökümətinin onlarının liderlərinin həbsinə etirazlarını bildirir, proses getdikcə daha prinsipial xarakter almaqla yanaşı, geosiyasi miqyasca hətta böyüyür. Əslində biz hal-hazırda olduqca maraqlı və eyni zamanda geosiyasi və etno-mədəni elementlərin biri-birinə qarışdığı mürəkkəb prosesin şahidi olmaqdayıq.
Türkiyənin beynəlxalq siyasətdə aktivliyi son illərdə yalnız Orta Şərq və Qafqazla məhdudlaşmayıb, həmçinin Şərqi Avropa və Balkanlar kimi regionlara da artmaqdadır. Bu kontekstdə Qaqauziya – Moldovanın cənubunda yerləşən, etnik türk mənşəli, lakin xristian pravoslav əhalidən ibarət muxtar vilayət – Ankara üçün unikal diplomatik imkanlar təqdim edir. Son illərdə bu regionda baş verən siyasi narazılıqlar, xüsusilə Qaqauziya rəhbərliyinin Rusiya və Türkiyədən hüquqi təminatlar tələb etməsi, bu coğrafiyanın geosiyasi əhəmiyyətini daha da artırır.
Qaqauzlar etnik baxımdan türk mənşəli, dini baxımdan isə pravoslav xristianlardır. Onların dili Oğuz türk dilləri qrupuna aiddir və bu, Azərbaycan və Türkiyə türkcəsi ilə yaxından əlaqəlidir Moldova Respublikasının 1994-cü il Konstitusiyası ilə Qaqauziya “muxtar ərazi” statusu almış və bu status ona öz qanunvericilik orqanı, yerli idarəetmə və bəzi iqtisadi hüquqlar təqdim etmişdir
Lakin son illərdə Moldova hökumətinin Avropa İttifaqı ilə inteqrasiya prosesi və vahid idarəetmə meylləri Qaqauz əhalisinin narahatlığına səbəb oldu. Onlar hesab edirlər ki, muxtariyyət hüquqları tədricən məhdudlaşdırılır, iqtisadi resurslar qeyri-ədalətli bölüşdürülür və yerli qanunvericiliyə birtərəfli dəyişikliklər edilir. Bu səbəblə, Komrat şəhərində keçirilən mitinqdə Qaqauzlar Rusiya və Türkiyədən dördtərəfli komissiya yaratmaq və muxtariyyətin hüquqi əsaslarını qorumaq üçün dəstək tələbi irəli sürməkdədirlər.
Joseph Nye tərəfindən irəli sürülən “yumşaq güc” anlayışına görə, dövlətlərin digər dövlətlərə təsiri yalnız hərbi və iqtisadi vasitələrlə deyil, həm də mədəni, ideoloji və institusional cazibə ilə mümkündür. Türkiyə bu anlayışı son onilliklərdə effektiv şəkildə istifadə edərək Balkanlar, Orta Asiya və Afrika kimi regionlarda təsir dairəsini genişləndirir. Qaqauziya da bu strategiyanın bir hissəsi kimi nəzərə çarpır.
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) vasitəsilə Qaqauziyada məktəblərin təmiri, mədəniyyət mərkəzlərinin inşası, səhiyyə və kənd təsərrüfatı sahələrində layihələr həyata keçirilir. Bu cür təşəbbüslər təkcə yerli əhalinin həyat səviyyəsini yaxşılaşdırmır, həm də Türkiyənin müsbət imicini gücləndirir.
Eyni zamanda Türkiyə hökuməti hər il Qaqauz tələbələr üçün təqaüdlər ayıraraq onları Türkiyədə ali təhsil almağa dəvət edir. Bu tələbələr həm Türkiyə cəmiyyətinə inteqrasiya olunur, həm də geri qayıtdıqdan sonra Ankara ilə əlaqəli intellektual təbəqə formalaşdırır. Bu, gələcəkdə Türkiyənin Qaqauziyada daha dərin təsir imkanları əldə etməsinə şərait yaradır.
Hal-hazırda baş verən proseslərlə bağlı olaraq qaqauzların Türkiyədən dəstək istəməsi həm simvolik, həm də strateji bir jestdir. Qaqauzlar etnik olaraq türk, oğuz mənşəlidirlər, dili də Oğuz türk dilləri qrupuna aiddir (Azərbaycan, Türkiyə türkcəsinə yaxın). Hətta Qaqauziya muxtariyyətinin bayrağında da türkçülüyə işarə edən simvollar var. Bütün bunlar Türkiyə ilə tarixi və mədəni bağların varlığını nümayiş etdirir. Bu dəstək çağırışı Qaqauzların öz etnik köklərini və identitetlərini vurğulamaq cəhdidir. Eyni zamanda bu, Türkiyəni geosiyasi bir oyunçu kimi prosesə cəlb etməyə yönəlmiş bir manevrdir – yəni "sadece Rusiya ilə deyil, Türkiyə ilə də danışın" və ya biz yalnız “Rusiya ilə deyil, Türkiyə ilə də yaxınıq” mesajıdır.
Qaqauzların Türkiyədən dəstək istəməsi sadəcə siyasi deyil, həm də kimlik əsaslı bir çağırışdır. Bu, onların yalnız Rusiya ilə dini yaxınlıq əsasında deyil, həm də etnik-mədəni bağlantılar vasitəsilə regional dəstək axtardıqlarını göstərir.
Bu, Ankaraya həm daxili, həm də beynəlxalq auditoriya qarşısında öz mövqeyini gücləndirmək üçün fürsət yaradır.
Türkiyənin etnik türklərlə münasibətləri təkcə Qaqauziya ilə məhdudlaşmır. Qırım tatarları, Ahıska türkləri, Qazaxıstandakı və Özbəkistandakı türkdilli icmalarla da oxşar əlaqələr qurulub. Bu modelə əsasən, türk xalqlarını diaspor potensialı kimi görür və onların hüquqlarını müdafiə etmək vasitəsilə beynəlxalq nüfuzunu artırır.
Qaqauziya uzun illərdir ki, Rusiyanın təsir dairəsindədir. Rusiya burada dini yaxınlıq, siyasi dəstək və iqtisadi əlaqələr vasitəsilə təsirini qorumağa çalışır. Lakin Qaqauzların paralel olaraq Türkiyəyə müraciət etməsi regionda çoxqütblü təsir modelinin formalaşdığına işarədir, bu da olduqca ciddi məqamdır.
Maraqlıdır ki, Qaqauzların həm Rusiya, həm Türkiyəyə müraciət etməsi bu iki ölkə arasında rəqabətdən çox koordinasiya ehtimalını artırır. Hər iki ölkə də Qərbin təsirinə qarşı alternativ mərkəzlər yaratmağa çalışır və bu baxımdan Qaqauziya müəyyən mənada ortaq maraqların kəsişmə nöqtəsi ola bilər.
Bu zaman ortaya ciddi bir sual çıxır: Proseslərin belə məcrada davam etdiyi bir zamanda Türkiyə real olaraq nələr edə bilər?
Türkiyənin Qaqauziyada aktivləşməsi Moldova və onun Qərb tərəfdaşlarında narahatlıq yarada bilər. Qərbə yaxınlığı ilə seçilən Moldova hökuməti ölkədə xarici təsirlərin balanssız şəkildə artmasından çəkinir. Eyni zamanda, Türkiyə NATO üzvü olduğuna görə onun rolu Rusiya qədər təhdidedici görünmür və bu da Ankaranın diplomatik manevr imkanlarını artırır. Türkiyə NATO üzvü olduğu üçün Avropa strukturlarına daha çox çıxışı var.
Eyni zamanda nəzər almaq lazımdır ki, Türkiyə, TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) vasitəsilə Qaqauziyada məktəblər, mədəniyyət mərkəzləri, infrastruktur layihələri həyata keçirib, yəni Qaqauziyada nüfuz və təsirə malikdir. Bu yumşaq güc vasitəsi ilə isə təsirini artırmaq mümkündür.
Nəticə etibarilə bu amillər onu göstərir ki, Türkiyə, Moldova və Qaqauz nümayəndələri arasında vasitəçi kimi çıxış edərək sabitlik yönündə diplomatik rol oynaya bilər.
Qaqauziyada baş verən hadisələr regional sabitlik üçün önəmli indikator rolunu oynayır. Türkiyənin bu kontekstdə atacağı addımlar həm öz maraqlarına, həm də regional tarazlığa birbaşa təsir göstərə bilər.
Lakin bununla belə iki ciddi məqam da var ki, Türkiyənin bir qədər daha ehtiyatlı davranmasını şərtləndirir. İlk növbədə vurğulamaq lazımdır ki, qardaş ölkə hazırda bir çox regional münaqişələrlə məşğuldur və bu mənada balanslı siyasət yürütməkdədir, ələlxüsus Rusiya ilə bağlı (Yaxın Şərq, Qafqaz, Ukrayna müharibəsi kontekstində balans siyasəti).
İkinci məqam olaraq isə qeyd edə bilərik ki, Moldova Avropa İttifaqına inteqrasiya prosesindədir və Qərb yönlü siyasət aparır, bu da Türkiyənin müdaxiləsinə ehtiyatla yanaşmağa səbəb ola bilər.
Vurğulamaq lazımdır ki, Moskva nə qədər cəhd göstərsə belə Qaqauziya məsələsində "oyunçu" deyil, daha çox alət kimi baxıla bilər – məqsəd Moldova hökumətinə təzyiq göstərmək, ölkənin federallaşmasını və ya zəifləməsini təmin etməkdir. Amma burada paradoksal bir vəziyyət də yaranır: Qaqauzlar xristian pravoslavdır, Rusiya ilə dini və siyasi yaxınlıqları var. Amma etnik mənsubiyyətləri türk, dil baxımından Türkiyə ilə yaxınlıqdadırlar.
Bu vəziyyətdə Türkiyədən dəstək istəmək, Qaqauzların yalnız Rusiya kartına güvənməmək istədiyini, məsələyə etnik və mədəni identitet prizmasından da yanaşdıqlarını göstərir. Bu həm də Rusiya üçün bir xəbərdarlıq ola bilər: “Biz sizi tam təmsil etmirik.”
Əgər Türkiyə bu prosesə aktiv qoşulsa, bu, həm Moldova hökumətinə, həm də Qərb dairələrinə Qaqauz məsələsinin sadəcə Rusiya vasitəsilə həll olunmayacağı mesajını verə bilər.
Lakin Türkiyə kənarda qalarsa, bu, Rusiyanın oradakı təsirinin daha da dərinləşməsinə yol açacaq.
Qaqauzlar üçün isə bu çağırış həm siyasi strategiya, həm də kimlik nümayişidir.
Qaqauziya, regional siyasətin mühüm təmas nöqtələrindən biridir. Türkiyə bu coğrafiyada etnik və mədəni yaxınlığı vasitəsilə mühüm diplomatik kapitala malikdir. Yumşaq güc alətləri, etnik diplomatiya və geosiyasi balans yaratmaq imkanları Ankara üçün bu regionda həm imicini möhkəmləndirmək, həm də Qərb-Rusiya balansında müstəqil oyunçu olmaq baxımından strateji əhəmiyyət daşıyır. Gələcək illərdə Türkiyənin bu proseslərə nə qədər və hansı səviyyədə cəlb olunacağı təkcə Qaqauziya üçün deyil, bütövlükdə Moldova və Şərqi Avropa siyasəti üçün də əhəmiyyətli nəticələr doğuracaq.
Vüqar Zifəroğlu
Yaxın Şərq ölkələri üzrə ekspert
12:37 18.04.2025
Oxunuş sayı: 21950
