Türk dünyasında mədəniyyət və informasiya sahəsində əməkdaşlıq güclənir: Məqsədimiz odur ki...
Türk Dövlətləri Təşkilatı ölkələri arasında mədəniyyət və informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi son illərin prioritet istiqamətlərindən birinə çevrilib. Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakovun sözlərinə görə, ortaq layihələr vasitəsilə türkdilli xalqların bir-birini daha yaxından tanıması və tarixi, mədəni, sosial bağların möhkəmləndirilməsi əsas hədəflərdəndir. Xüsusilə birgə media, informasiya və mədəniyyət layihələrinin, o cümlədən türk dillərində animasiya və turizm mövzulu serialların hazırlanması gələcək nəsillərə ortaq dəyərləri çatdırmaq baxımından böyük əhəmiyyət daşıyır. Bundan əlavə, TDT ölkələrinin media qurumları arasında təcrübə mübadiləsi, informasiya təhlükəsizliyi və feyk xəbərlərlə mübarizə də təşkilatın diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan “Şərq” qəzetinin baş redaktorunun müavini, Əməkdar jurnalist Yusif Nəzərli bildirib ki, Qazaxıstanın təşəbbüsü ilə TDT çərçivəsində media və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir: "Bütün mənalarda dialoq, görüşlər və müzakirələr türkdilli ölkələr arasında siyasi və mədəni inteqrasiyanı sürətləndirəcək. Bu layihənin yalnız görüntü üçün yox, işlək formaya salınması indiki dünyamızın xaoslarla dolu vəziyyətində xüsusilə vacibdir. Məqsədimiz odur ki, ortaq tarixi və mədəni kimliyi daha geniş miqyasda təbliğ edək və informasiya məkanında türk dövlətlərinin özünəməxsus mövqeyini gücləndirək. Bu, Azərbaycan üçün mədəni suverenliyin möhkəmləndirilməsi və gənc nəsildə türk kimliyinin inkişaf etdirilməsi baxımından strateji əhəmiyyət daşıyır".
Yusif Nəzərli əlavə edib ki, vahid media platformalarının və informasiya mübadiləsinin artması dezinformasiya ilə mübarizədə, xüsusən də Cənubi Qafqazda Azərbaycanın milli maraqlarını müdafiə edən informasiya siyasətinin genişləndirilməsində mühüm rol oynayacaq: "Bu həm də 44 günlük Vətən müharibəsindən sonra regionda informasiya üstünlüyünün qorunmasına imkan yaradır. Bu kimi təşəbbüslər türk dünyasında yumşaq gücün artmasına xidmət edir. Mədəni əməkdaşlıq siyasi yaxınlaşmanı sürətləndirir və TDT-nin beynəlxalq nüfuzunu yüksəldir. Türk dünyasının birləşdirici gücünün artması Azərbaycanın maraqlarının beynəlxalq müstəvidə müdafiəsi üçün əlavə imkanlar yaradacaq".
Mehriban Yariyeva
09:52 30.11.2025
Oxunuş sayı: 2232