TDT daxilində vahid media məlumat bazası yaradıla bilər- Detallar açıqlandı
Müasir informasiya mühitində türk dövlətləri arasında rəqəmsal media sahəsində inteqrasiya və məlumat mübadiləsinin gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Xüsusilə ortaq tarixi, mədəni və dil bağları fonunda vahid informasiya bazasının yaradılması ehtiyacı aktuallaşır. Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu çərçivəsində keçirilən “TDT Ölkələri arasında Rəqəmsal Media Mühitində Qarşılıqlı Əməkdaşlıq İmkanları” panelində Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir də bu məsələyə diqqət çəkərək türkdilli ölkələr arasında vahid media məlumat bazasının olmamasını ciddi çatışmazlıq kimi qiymətləndirmişdir. Onun sözlərinə görə, texniki imkanların genişləndiyi indiki şəraitdə TRT və AzTV arasında mövcud mübadilə proqramlarının davamlı şəkildə həyata keçirilməsi və ümumilikdə media əməkdaşlığının dərinləşdirilməsi yeni imkanlar yarada bilər.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi elmlər doktoru, professor Sabir Məmmədli bildirib ki, informasiya bazasının yaradılması kifayət qədər böyük və mürəkkəb prosesdir: "Məsələ burasındadır ki, TDT o qədər inteqrasiya olmalıdır ki, müxtəlif istiqamətlər üzrə informasiya bazası formalaşsın. Çünki bu informasiyanın istifadəsi məsələsi gündəmə gəlir: onu hansı formada, hansı istiqamətdə yönəldəcəklər, necə istifadə edəcəklər".
Professor qeyd edib ki, yalnız media sahəsində deyil, ümumtürk informasiya məkanının formalaşdırılması dövlət başçıları və ekspertlər tərəfindən uzun illərdir vurğulanır: "Ortada konkret addımlar da olub. Məsələn, ortaq media platformasında vahid Türk TV kanalı yaradılması ideyası irəli sürülmüşdü. Buna vəsait ayrılsa da, ştat cədvəlləri və məntəqələr müəyyənləşdirilsə də, layihə tam olaraq həyata keçmədi. MediaTürk TV bu istiqamətdə müəyyən rol oynasa da, geniş auditoriyaya çıxış məsələsi hələ də həllini tapmayıb".
O əlavə edib ki, ortaq informasiya agentlikləri, portallar və kütləvi informasiya vasitələrinin yaradılması vacibdir: "İnformasiya bazası yalnız media ilə məhdudlaşmır, mədəniyyət sahəsini də əhatə edir. Türksoy bu funksiyanı praktik olaraq həyata keçirir, lakin geniş, strukturlu və davamlı informasiya bazasının yaradılması üçün əlavə resurslar və ixtisaslı heyət tələb olunur. Təhsil sahəsində inteqrasiya güclənir və ortaq universitetlər, birgə araşdırmalar nəzərdə tutulur. Bununla yanaşı, sənaye, ticarət və müdafiə sahələrində inteqrasiya uzunmüddətli prosesdir. Əgər dövlətlər bir-birinə etibar edib Avropa İttifaqı modeli üzrə inteqrasiya etsələr, vahid məlumat bazası həm idarəçilikdə, həm gömrük, həm təhlükəsizlik, həm də müdafiə sahəsində səmərəli şəkildə istifadə oluna bilər. Bu proses onsuz da gedir və gələcəkdə daha geniş informasiya sistemi formalaşacaq, müxtəlif istiqamətlərə yönələn informasiya bazası təşkil olunacaq".
Mehriban Yariyeva
09:43 30.11.2025
Oxunuş sayı: 4689