Sümük iliyi nəqli mərkəzlərinin çoxalması sevindirici haldır - Hematoloq
Son illərdə ölkəmizdə səhiyyə sisteminin modernləşdirilməsi, ixtisaslaşmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və innovativ müalicə metodlarının tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu prosesin davamı olaraq, Azərbaycan Respublikası Baş nazirinin müvafiq qərarı ilə Bona Dea Beynəlxalq Xəstəxanasına sümük iliyi transplantasiyasını həyata keçirmək səlahiyyəti verilməsi ölkədə transplantologiya xidmətlərinin daha da inkişaf etdirilməsi baxımından mühüm addım hesab olunur.
Qərar donor orqan transplantasiyasını həyata keçirən tibb müəssisələrinin siyahısında aparılan dəyişikliklərlə yanaşı, həmin sahədə xidmətlərin əlçatanlığının artırılmasına, xəstələrin xarici ölkələrə müraciət ehtiyacının azalmasına və yüksək ixtisaslı tibbi yardımın yerli mütəxəssislər tərəfindən göstərilməsi imkanlarının genişlənməsinə şərait yaradır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssisi, hematoloq Şəhla Şabanova Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bildiyimiz kimi, sümük iliyi transplantasiyası malign hematoloji xəstəliklər – kəskin limfoleykoz, kəskin mieloblastik leykoz, multipl mielom, amiloidoz və s. kimi xəstəliklərdə, eləcə də bəzi bəninq xəstəliklər – aplastik anemiya, mielodisplastik sindrom, talassemiya xəstəliyi zamanı tətbiq olunan müalicə üsuludur. Xəstəliyin növünə görə əsasən özündən-özünə autoloji, donordan pasiyentə isə allogen sümük iliyi nəqli icra edilir. Təəssüflə qeyd etmək istəyirəm ki, ölkəmiz talassemiya xəstəliyi üçün endemik zonadır. 2015–2020-ci illərdə İlham Əliyevin sərəncamı ilə Talassemiya ilə Mübarizə Dövlət Proqramına əsasən talassemiyalı xəstələrdə sümük iliyi nəqli həyata keçirilmişdir. Təbii ki, digər hematoloji xəstəliklərin də statistik məlumatlara görə artmasını nəzərə alaraq, sümük iliyi nəqli mərkəzlərinin çoxalması sevindirici haldır".
Hematoloq, həmçinin sümük iliyinin nəqli bir komanda işi olduğunu qeyd edib:
"Düzgün genetik müayinələrin aparılması, inkişaf etmiş qan və donor bankının mövcudluğu, düzgün zamanlama, kifayət qədər və ixtisaslaşmış tibbi personalın olması bu sahənin uğurla davam etdirilməsinin əsasını təşkil edəcək".
Elmir Heydərli
11:06 03.12.2025
Oxunuş sayı: 701