Zərifə Əliyeva – nümunəvi oftalmoloq, humanist alim, müdrik qadın, cəfakeş ana

1923-cü il aprelin 28-də anadan olmuş Zərifə Əliyeva, yalnız nüfuzlu bir ailənin nümayəndəsi kimi deyil, həm də Azərbaycan tibb elminin və ictimai həyatının parlaq simalarından biri kimi tarixə düşmüşdür. Görkəmli dövlət və səhiyyə xadimi Əziz Əliyev, onun həyat yoldaşı Leyla Əliyevanın ailəsində yetişən Zərifə xanım, elmə, təhsilə və insanlara xidmətə həsr olunmuş bir ömür yaşamışdır. Zərifə xanımın peşəkar həkim kimi, güclü Azərbaycan xanımı kimi formalaşması bilavasitə ailə mühitindən qaynaqlanır. Belə ki, Cəmil və Tamerlan Əliyev kimi tibb alimləri, Gülarə Əliyeva kimi musiqi sənətkarı Zərifə xanımın həyatında mühüm rol oynamışdır.
Təhsil yolu: Elmi əsaslarla zənginləşən peşəkarlıq
1932–1942-ci illərdə ümumi orta təhsilini başa vurduqdan sonra, 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olan Zərifə xanım, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşaraq, oftalmoloji diaqnostika və terapiya sahəsində peşəkar fəaliyyətə elmi baza ilə başlamışdır. 1950–1953-cü illərdə aspirantura mərhələsini uğurla başa vurmuş və tibb elmləri sahəsində elmi-pedaqoji fəaliyyətə qədəm qoymuşdur.
Peşəkar fəaliyyət: Oftalmologiyanın inkişafına töhfələr
Uğura doğru addım-addım inamla irəliləyən Zərifə Əliyeva 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamış, sonralar 1969-cu ildən etibarən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına rəhbərlik etmişdir. O, professor elmi adına layiq görülərək, elmi-pedaqoji fəaliyyətlə bərabər, səhiyyə sistemində oftalmoloji xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəlik təşəbbüsləri ilə fərqlənmişdir. Zərifə xanımın təşəbbüsləri və irəli sürdüyü yüksək dəyərlərə sahib fikirlər istisnasız tibb sahəsində xüsusi dəyərə sahib idi.
1982–1985-ci illərdə onun rəhbərlik etdiyi “Görmə orqanlarının peşə patologiyası” laboratoriyası çərçivəsində kimya, elektron və digər zərərli sənaye sahələrində çalışan işçilərdə oftalmoloji risk faktorları sistematik şəkildə araşdırılmış, peşə patologiyası sahəsində ilk tədqiqatlardan biri həyata keçirilmişdir. Bu araşdırmalar, toksikoloji və işıq radiasiyası faktorlarının gözün biomorfoloji strukturlarına təsirini qiymətləndirməklə yanaşı, profilaktik tədbirlərin elmi əsaslarını da formalaşdırmışdır.
Elmi yaradıcılıq: Nəzəriyyədən praktikaya
Zərifə xanımın elmi fəaliyyəti çoxşaxəliliyi və tətbiq yönümlülüyü ilə seçilirdi. O, 12 monoqrafiya, 150-yə yaxın elmi məqalə, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. “Terapevtik oftalmologiya” və “İridodiaqnostikanın əsasları” adlı əsərləri hələ də oftalmoloji təhsildə və klinik təcrübədə istifadə olunmaqdadır. O, həmçinin bir çox gənc həkim və alimlərin yetişməsində müəllim, rəhbər və mentor rolunu da ləyaqətlə yerinə yetirmişdir. Həmçinin "Yüksək əqidə" kitabını yazan Zərifə xanım hər peşədə olduğu kimi həkimlik peşəsində də nəzakət və peşə etikasının önəmini vurğulamış, yüksək təcrübəyə əsaslanan fikirlər ortaya qoymuşdur.
Ailə dəyərləri və qadın incəliyi
1954-cü ilin 8 noyabrında Zərifə Əliyeva ümummilli lider Heydər Əliyevlə ailə həyatı qurmuşdur. Bu evlilik yalnız şəxsi həyat baxımından deyil, həm də ictimai və mənəvi anlamda əhəmiyyətli nümunəyə çevrilmişdir. Heç şübhəsiz ki, bu cür ailə mühitində İlham Əliyev, Sevil Əliyeva kimi övladlar yetişməli idi. Zərifə xanımın həm analıq qayğısı, həm zərifliyi, həm də mənəvi dəstəyi ailə institutunun ən gözəl simvolu kimi dəyərləndirilə bilər.
Əbədiyə gedən yol: Unudulmaz miras
Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskvada vəfat etmiş, lakin 1994-cü ildə nəşi Bakıya – atası Əziz Əliyevin məzarı yanına, Fəxri Xiyabana köçürülmüşdür. Bu səssiz məkan, Azərbaycan elminin və humanizminin simvoluna çevrilmiş bir alim qadının xatirəsini əbədiləşdirmək üçün seçilən ən layiqli məkan məhz bura ola bilərdi.
Elmi, peşəkar və mənəvi irs
Zərifə Əliyeva təkcə oftalmologiya sahəsində deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin və elm cəmiyyətinin inkişafında böyük rol oynamışdır. Onun şəxsiyyətində tibb elminin dərinliyi, analıq duyğusunun ülviliyi və qadın müdrikliyinin kamilliyi vəhdət təşkil edirdi. Zərifə Əliyevanın irsi bu gün də tibb mütəxəssisləri və tələbələri üçün, elə həm də bütövlükdə cəmiyyətimiz üçün nümunə və ilham mənbəyi olaraq yaşayır.
Ayhan Ağarzayev
04:26 15.04.2025
Oxunuş sayı: 2282