Rusiyadan Sumi hücumu ilə bağlı açıqlama: “Ukraynalı hərbi rəsmilərin görüşü hədəf alındı”

Rusiya Müdafiə Nazirliyi, Ukraynanın Sumi şəhərinə edilən və 34 nəfərin öldüyü, 117 nəfərin yaralandığı hücumla bağlı açıqlama verib. Nazirlik, 13 aprel Bazar günü atılan raketlərdən ikisinin ukraynalı hərbi rəhbərlərin toplantısına dəydiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, açıqlamada, Ukrayna Silahlı Qüvvələrinin taktiki əməliyyat qrupunun toplaşdığı əraziyə iki ədəd “İskander-M” taktiki raketi ilə zərbə endirildiyi bildirilib. Rusiya tərəfi hücum nəticəsində 60-dan çox Ukrayna əsgərinin öldüyünü bildirib.
Rusiya, Ukraynanı hərbi obyektləri və hərbi tədbirləri yaşayış bölgələrində təşkil etməklə mülki şəxsləri “canlı qalxan” kimi istifadə etməkdə ittiham edib. Kiyev isə hələlik bu iddialara cavab verməyib.
Ukrayna Prezidenti Volodimir Zelenski, hücumdan sonra etdiyi çıxışda, Sumi şəhərinə edilən hücuma görə beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı sərt reaksiya verməyə çağırıb. Zelenski, hücumun insanların kilsəyə getdiyi “Xurma Bazar günü” baş verdiyinə diqqət çəkərək, “Yalnız alçaqlar dinc insanları hədəf alır” deyib.
Böyük Britaniya, Almaniya və İtaliya hücumu qınayan açıqlamalar verib. ABŞ Prezidenti Donald Tramp isə jurnalistlərin sualına cavab olaraq, hücumu “dəhşətli” adlandırıb və “Bunun səhvən baş verdiyi deyildi, amma məncə bu dəhşətli bir hadisədir” deyə bildirib.
Bu gün Kremlin sözçüsü Dmitriy Peskov da məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Peskov, Kreml olaraq müharibənin gedişatı ilə bağlı şərh vermədiklərini, bunun Müdafiə Nazirliyinin səlahiyyətində olduğunu qeyd edib və Rusiyanın yalnız hərbi və hərbi əlaqəli hədəfləri vurduğunu təkrarlayıb.
Mədinə Cəlilova
19:41 14.04.2025
Oxunuş sayı: 1482