Antalya Diplomatik Forumu (ADF) ilk dəfə 2021-ci ildə Türkiyənin təşəbbüsü ilə yaradılıb və hər il Antalya şəhərində keçirilir. Forum, Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunur və diplomatiya, beynəlxalq əlaqələr və qlobal çağırışlar üzrə fikir mübadiləsi aparmaq üçün yüksək səviyyəli beynəlxalq platformadır. Onun əsas məqsədləri qlobal diplomatik dialoqa töhfə vermək, çoxtərəfli əməkdaşlıq formatını təşviq etmək, yeni qlobal problemlərə diplomatik cavablar tapmaq və Türkiyənin diplomatik təşəbbüslərini qlobal platformada tanıtmaqdır.
Antalya Diplomatik Forumu (ADF) yaxın gələcəkdə Davos forumuna alternativ ola bilər. Davos, Qərb mərkəzli və əsasən qlobalistlərin dünyagörüşünün məhsuludur. Halbuki ADF, daha pluralist və regional səslərə açıq olmaq imici yaradır. O, Türkiyənin Avrasiya, Yaxın Şərq və Türk dünyası arasında bir körpü rolunu vurğulayan və yeni güc mərkəzlərinin doğuşunu simvolizə edən bir platformadır. Davos əsasən iqtisadiyyat və biznes çevrələrinə yönəlmişkən, ADF siyasi və diplomatik dialoq mərkəzi kimi fərqlənir. Hazırda böhranlar dövründə diplomatiyanın rolu daha aktualdır. ADF, Türkiyənin qlobal oyunçu olmaq istəyinin bir təzahürüdür və bu baxımdan Qərb xaricindəki ölkələr üçün alternativ intellektual məkan rolunu oynaya bilər (xüsusilə Türk dövlətləri, İslam coğrafiyası və Afrika üçün).
Amma Davosun arxasında yüzlərlə qlobal korporasiya və beynəlxalq maliyyə strukturları dayanır. O, illərlə beyin mərkəzi kimi fəaliyyət göstərmiş, dayanıqlı hesabatlar, indekslər, layihələr təqdim edib. Davosun çıxışları CNN, Bloomberg, BBC kimi dünya mediasında geniş əks olunur. O, qlobal qərarvermə proseslərində bir “təzyiq mərkəzi” rolunu oynayır.
ADF hələ bu səviyyədə maliyyə və ictimaiyyətlə əlaqələr gücünə malik deyil. O, bu baxımdan hələ institutlaşma mərhələsindədir. ADF əsasən regional KİV-lərdə görünür. O, hələlik töhfəverici roldan formalaşdırıcı rola keçmək üçün zaman və təcrübə qazanmalıdır. Bunun üçün, institusional dayanıqlılıq, qlobal akademik və iqtisadi birliklərlə inteqrasiya, strateji sənədlərin və hesabatların təqdimatı, gənc liderlər və tədqiqatçılar üçün proqramların hazırlanması kimi işlərin inkişaf etdirilməsi vacibdir.
ADF yeni diplomatik mərkəz kimi yüksəlişdədir. O, Qərb mərkəzli forumlara alternativ olaraq, xüsusilə Avrasiya, Yaxın Şərq, Afrika və Türk dünyası ölkələrinin diplomatik səslərini gücləndirmək üçün meydana çıxıb. ADF, həmçinin “düşüncə diplomatiyası” formatıdır. O, yalnız dövlət nümayəndələrinin çıxış etdiyi yer deyil, həm də akademiklər, düşüncə mərkəzləri və QHT-lər üçün intellektual fikir mübadiləsi imkanları yaradır. Forumda təqdim olunan çıxışlar və panel müzakirələri ölkələrin diplomatik strategiyalarını müəyyənləşdirməsində, tərəfdaşlıq axtarışlarında və regional sabitlik təşəbbüslərində mühüm rol oynayır. Forumun tez-tez istifadə edilən şüarı budur: “Rekonstruksiya və dialoq vasitəsilə diplomatiyanı yenidən düşünmək” (Rethinking Diplomacy).
• Antalya Diplomatik Forumunun gündəliyi
Antalya Diplomatik Forumunun dördüncü buraxılışı (ADF 2025), 11–13 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçirildi. Forumun əsas mövzusu “Ayrılan Dünyada Diplomasiyi Sahiplenmek” adlanırdı. Burada qlobal və regional çağırışlar ətrafında təxminən 50 sessiya keçirildi. Əsas müzakirə sahələri bunlar idi:
• Geosiyasi bloklaşma və yeni güc mərkəzləri
• Qlobal ədalət və beynəlxalq hüququn bərpası
• İqlim böhranı və humanitar fəlakətlər
• Süni intellektin diplomatiyaya və qərarverməyə təsiri
• Qəzza, Ukrayna, Sudan kimi münaqişə ocaqları
• Diplomatiyada qadınların və gənclərin rolu
Forumda 140-dan çox ölkənin nümayəndələri iştirak etdi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da tədbirin açılışında iştirak etdilər.
Prezident İlham Əliyevin çıxışı postmünaqişə dövründə Cənubi Qafqazda sülh təşəbbüslərinə, Zəngəzur dəhlizinin regional inteqrasiyaya təsirinə, Türk dünyasının vahid diplomatik strateqiyası ehtiyacına, multikulturalizm və Bakı prosesinə həsr edildi.
Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını vurğulayan Prezident, Azərbaycanın Ermənistanla sülh müqaviləsinə hazır olduğunu bir daha bəyan etdi. Bütün region dövlətlərinin bu prosesi pozitiv və realist yanaşmalarla dəstəkləməli olduğunu qeyd etdi. Sülh sazişinin beynəlxalq hüququn prinsiplərinə əsaslanması vacibliyinə toxundu.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan-Ermənistan əlaqələrini deyil, Türk dünyasının fiziki inteqrasiyasını təmin edən əsas arteriyadır. Bu dəhliz Orta Dəhliz və Çin-Avropa ticarət xətti ilə inteqrasiyada “geoiqtisadi oyun dəyişdirici” kimi təqdim edildi. Prezident bildirdi ki, kommunikasiyaların açılması hərbi deyil, sülh dili ilə həyata keçirilməlidir.
Prezident Əliyev Türk Dövlətləri Təşkilatının diplomatik koordinasiyasının gücləndirilməsinə çağırış etdi. Ortak mövqelərlə çıxış edən, qlobal təhlükələr və regional çağırışlara birlikdə cavab verən diplomatik sistemin zəruriliyini vurğuladı. Diplomatiyada bir-birini gücləndirən paralel siyasətlərin işlənməsi fikri irəli sürüldü (xüsusən beynəlxalq təşkilatlarda).
Prezident multikulturalizmi Azərbaycanın milli ideoloji təməli kimi təqdim etdi. “Bakı Prosesi” çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasında dialoqun unikal diplomatik platforma olduğunu bildirdi. Bu modelin mədəniyyətlərarası dialoqda “yumşaq güc diplomatiyasının” örnəyi olduğunu vurğuladı. Prezidentin çıxışı göstərdi ki, Azərbaycan sülh yönümlü liderlik iddiasını gücləndirir, türk dünyasının geoiqtisadi birliyinə töhfə verir, TDT-nin beynəlxalq sistemdə kollektiv güc halına gəlməsi üçün çağırış edir və multikulturalizm siyasəti, Azərbaycanın mədəni diplomatiyasının “soft power” aləti kimi təqdim olunur.

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov “TDT-nin gələcəyi və inteqrasiyanın diplomatik ölçüsü” panelində çıxış etdi və Azərbaycan-Türkiyə strateji ittifaqının diplomatik nümunəsini diqqətə çatdırdı. Bu çıxış, Azərbaycanın Türk Dövlətləri Təşkilatında (TDT) artan rolunu və Azərbaycan-Türkiyə strateji ittifaqının həm regional, həm də beynəlxalq kontekstdə necə modelləşdirici rol oynadığını göstərmək baxımından olduqca simvolik və strateji əhəmiyyət daşıyır.
Xarici İşlər Naziri Ceyhun Bayramov bu paneldə belə bir məqama toxundu ki, Şuşa Bəyannaməsi əsasında qurulan müttəfiqlik münasibətləri, TDT daxilində diplomatik və təhlükəsizlik modelinə çevrilə bilər. Azərbaycan və Türkiyə arasında müdafiə, enerji, təhsil və diplomatik sinxronluq nümunə göstərildi. C. Bayramov TDT-nin beynəlxalq təşkilat statusuna doğru inkişaf etdiyini və bu çərçivədə ortaq mövqelərin BMT, İƏT, Qoşulmama Hərəkatı kimi platformalarda səsləndirilməsinin vacibliyini vurğuladı. Orta Dəhliz (Trans-Xəzər Nəqliyyat Marşrutu) TDT üzvü dövlətlərin strateji maraqlarını birləşdirən siyasi platforma kimi dəyərləndirildi. Diplomatik koordinasiyanın iqtisadi layihələrdəki effektivliyi artırması qabardıldı. Azərbaycan-Ermənistan normallaşma prosesində Türk dünyasının prinsipial və balanslı dəstəyinin önəmi vurğulandı.

Bayramovun çıxışı fonunda Azərbaycan-Türkiyə modelinin digər TDT ölkələrinə də şamil oluna biləcəyi bir təşəbbüs olaraq, “Strateji İttifaq Protokolu” adlı diplomatik sənəd formalaşdırıla bilər. Bu sənəd, ortak təhlükəsizlik yanaşmasını, birgə diplomatik təlim proqramlarını, humanitar yardım və multikulturalizm diplomatiyasını, qlobal forumlarda ortaq təmsilçiliyi əhatə edə bilər.
ADF çərçivəsində “Cənubi Qafqazda sülh və inkişaf” sessiyası keçirildi. Əsas məqsədlər, regionda uzunmüddətli sülhün təmin olunması yollarının, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma perspektivlərinin, Zəngəzur dəhlizi və trans-regional nəqliyyat əlaqələrinin qurulmasının, Cənubi Qafqazın Avrasiya və Türk dünyası ilə inteqrasiyasının, post-münaqişə bərpa və quruculuq prosesinin (xüsusilə Qarabağda) inkişaf etdirilməsi idi.
Ceyhun Bayramov Azərbaycanın sülh sazişinə sadiq olduğunu, lakin real və qarşılıqlı tanınmaya əsaslanan diplomatiyanın vacibliyini vurğulayıb. O, Cənubi Qafqazda sabitlik üçün “beynəlxalq hüququn və ərazi bütövlüyünün prinsipial müdafiəsinin” əhəmiyyətini önə çəkib. Azərbaycanın ADF-də irəli sürdüyü ideyalar əsasən, TDT platforması ilə Cənubi Qafqazın yaxınlaşdırılmasından, Qarabağda yaşıl enerji zonası və “Smart City” modelinin inkişaf etdirilməsindən və multikulturalizm və “Bakı Prosesi” təcrübəsinin yayılmasından ibarət idi.
Gürcüstanın keçmiş Baş naziri və diplomatları tərəfindən, Gürcüstanın neytral vasitəçilik rolu və regional enerji tranziti layihələrinin əhəmiyyəti vurğulandı. Türkiyəli və Avropa diplomatları, Ermənistan-Azərbaycan barışığının Avrasiya sabitliyi üçün əhəmiyyətini dilə gətirdilər. Beynəlxalq think tank-lər, “Cənubi Qafqazı Avropadan ayıran deyil, birləşdirən körpü kimi düşünmək lazımdır” fikrini səsləndirdilər.
• Prezident İlham Əliyevin görüşləri
Bu forumda Azərbaycan Prezidenti İlham Əliyevin apardığı çoxsaylı görüşlər yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycan diplomatiyasının strateji çoxşaxəliliyini və paralel geosiyasi xəttini nümayiş etdirdi. İlham Əliyevin Avropa Şurası, Sudan, Gürcüstan, Suriya və Şimali Kipr Türk Cümhuriyyətindən olan rəsmilərlə apardığı görüşlər bu aktivliyin göstəricisidir.
Prezidenti İlham Əliyevin Avropa Şurası Baş katibi Alen Berse ilə görüşündə COP29-un Bakıda keçirilməsi əsas kontekst oldu. Alen Bersenin bu çərçivədə ölkəmizə etdiyi səfərin məmnunluqla xatırlanması Azərbaycanın beynəlxalq iqlim gündəmində aktiv iştirakçı və təşəbbüskar kimi tanındığını göstərir.

Bu görüş Azərbaycan üçün Qərblə, xüsusilə də Avropa siyasi institutları ilə münasibətlərin yeni müstəvidə – "iqlim diplomatiyası" və "enerji təhlükəsizliyi" prizmasında inkişaf etdirilməsini ehtiva edir. Azərbaycanın həm COP29-a ev sahibliyi etməsi, həm də Avropa üçün alternativ enerji marşrutlarında əsas oyunçu olması onu geoiqtisadi baxımdan daha strateji mövqeyə daşıyır. Bu fonda Avropa Şurası ilə qarşılıqlı münasibətlər Azərbaycanın Qərblə siyasi dialoqunun texnokratik, ideoloji deyil, praktiki maraqlara əsaslanan fazaya keçdiyini göstərir.
COP29 vasitəsilə Bakı Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də "yaşıl transformasiyanın" qlobal qovşaqlarından birinə çevrilmək istəyir. Bu, Azərbaycanın beynəlxalq arenada yumşaq güc (soft power) resurslarını genişləndirmə strategiyasına xidmət edir. Alen Bersenin iştirakı ilə olan dialoq Azərbaycanın insan hüquqları və hüququn aliliyi mövzularında da Qərblə yeni formatda (qarşılıqlı faydalı çərçivədə) əməkdaşlıq imkanlarını araşdıra biləcəyini göstərir. Eyni zamanda, bu, Qərbin Azərbaycana yalnız enerji və təhlükəsizlik aspektindən deyil, həm də qlobal çağırışların idarəsində tərəfdaş kimi yanaşmağa başladığını göstərir.
Bu görüşün paralelində Prezident Rəcəb Tayyib Ərdoğanın da Avropa liderləri ilə (o cümlədən Avropa Şurası ilə) müzakirələr aparması, Ankaranın da oxşar geoiqlim və enerji gündəmi ilə Qərblə münasibətləri yenidən formatlaşdırmaq istədiyini göstərir. Burada Bakı-Ankara sinxronluğu və qarşılıqlı tamamlayıcı siyasətləri özünü açıq şəkildə büruzə verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan ilə görüşü olub. Sudan rəhbərliyi ilə görüşü, ilk baxışda Azərbaycan–Afrika münasibətlərinin inkişafı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişlənməsi kimi görünür. Bu, doğrudur, lakin bununla məhdudlaşmır.

Azərbaycan artıq neft-qaz diplomatiyasından çoxqütblü güc diplomatiyasına keçid edir. Sudan ilə görüş, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Afrika ölkələri ilə yeni nəsil siyasi-ideoloji əlaqələr qurmaq səylərinin tərkib hissəsidir. Bu, eyni zamanda Afrika bazarlarına çıxış, BMT-də dəstək toplamaq, həmçinin anti-kolonial narrativlərin müasirləşdirilməsinə yönəlik bir addımdır.
Prezident Ərdoğanın da Sudan rəhbərliyi ilə paralel şəkildə görüş keçirməsi, burada koordinasiyalı diplomatik xəttin mövcudluğuna işarə edir. Bu paralellik, Türkiyə və Azərbaycanın Afrika siyasətində “ikili sinerji” modeli yaratmaq istədiyini göstərir. Pan-İslam və Pan-Türk gücünün Afrika qitəsinə doğru genişləndirilməsi niyyətini ortaya qoyur. Bu, bir növ "Türk-Azərbaycan diplomatik tandeminin" Afrika açılımında yeni mərhələsidir.
Sudan, həm geostrateji mövqeyinə (Qırmızı dəniz, Misirə yaxınlıq), həm də islam sivilizasiyasına bağlılığına görə xüsusi önəm daşıyır. Bu ölkə ilə diplomatik əlaqələr həm islami həmrəylik mesajı verir, həm də Qərb hegemonyasına alternativ güc modelləri formalaşdırmaq istəyən dövlətlər üçün mesaj daşıyır.
Bu görüş sadəcə diplomatik təşəbbüs deyil, dərin strateji planlamanın məhsuludur. Azərbaycan və Türkiyə öz xarici siyasətlərində təkcə regional deyil, transkontinental güc kimi hərəkət edir. Sudanla görüş bu mənada Afrika diplomatiyasında yeni mərhələnin siqnalıdır – həm ideoloji, həm də praktik səviyyədə.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Prezident İlham Əliyevin ADA Universitetində səsləndirdiyi "regionun problemlərini regionun özü həll etməlidir" fikri – bu görüşdə konkret siyasi platformaya çevrilmişdir. Bu prinsip, faktiki olaraq Qərbin və Rusiyanın bölgəyə müdaxilə modelinə qarşı bir siyasi doktrina forması alır. Gürcüstanla birlikdə Cənubi Qafqazın daxili balansını öz gücləri ilə saxlamaq istəyi nümayiş olunur. Bu, yeni regional “özgüvən doktrinası”dır – yəni Qafqaz artıq təkcə geosiyasi oyun taxtası deyil, həm də oyun qurucusu kimi çıxış etməyə başlayır.

Görüşdə önə çıxarılan iki layihə diqqət çəkir: BTQ dəmir yolu və Cənub Qaz Dəhlizi. Bu layihələr sadəcə infrastruktur deyil, siyasi güc xəritəsi yaradan geoiqtisadi alətlərdir. Bu görüş, bu layihələrin təkcə iqtisadi deyil, həm də suverenlik və təhlükəsizlik instrumentləri olduğunu göstərir. Azərbaycanın özünü enerji və logistik qovşağa çevirmə siyasətində Gürcüstanın rolu təsdiqlənir.
Rəcəb Tayyib Ərdoğanın da paralel şəkildə Gürcüstan Baş naziri ilə görüş keçirməsi, açıq şəkildə koordinasiyalı üçtərəfli güc dizaynına işarə edir. Bu koordinasiya, Azərbaycan–Türkiyə–Gürcüstan üçbucağını regionun əsas təhlükəsizlik platformasına çevirmək məqsədi daşıyır. Rusiyanın təsirindən kənar “alternativ geosiyasi xəttin” qurulduğunu göstərir. Bu, faktiki olaraq “Cənubi Qafqaz NATO-su” modelinin yumşaq versiyası kimi başa düşülə bilər – hələlik iqtisadi və diplomatik səviyyədə.
Bu görüş və strategiya, Cənubi Qafqazın post-Rusiya/post-Qərb yeni siyasi konfiqurasiyasının əsas struktur elementi kimi oxunmalıdır. Azərbaycan və Gürcüstanın tərəfdaşlıqdan strateji sinerjiyə keçidi baş verir. Ərdoğanla paralel görüş – dərin diplomatik sinxronluğun sübutudur: Türkiyə və Azərbaycan regional həll platformasının “duet liderləri” roluna oynayır. Bu platforma həm də Ermənistana dolayı siyasi mesajdır – sülh prosesi və əməkdaşlıq ancaq regional istək və təşəbbüslərlə davam edə bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub. Bu, Azərbaycanın artıq təkcə Cənubi Qafqazda deyil, Orta Şərqdə də neytral və etibarlı vasitəçi kimi çıxış etməyə başladığını göstərir.

Suriyada uzun illər səfirliyin bağlı qalmasından sonra ilk böyük diplomatik addımın atılması, Azərbaycan diplomatiyasının qırılmış əlaqələri bərpa etməkdə güvənilən tərəf kimi qəbul olunduğunu göstərir. Bu, post-münaqişə zonalarında (Suriya, Qarabağ, Ukrayna sonrası ssenarilərdə) bərpa və sabitləşdirmə missiyalarında Azərbaycan modelinin ixracı kimi də şərh oluna bilər.
Rəcəb Tayyib Ərdoğanın da eyni vaxtda Suriya ilə əlaqələrin bərpası istiqamətində jestlər etməsi, bu görüşün öncədən razılaşdırılmış strateji sinxron diplomatiya olduğunu göstərir. Bu paralellik, Azərbaycan–Türkiyə regional diplomatik tandeminin artıq Qafqazı deyil, Orta Şərqi də əhatə edən geosiyasi vektor halına gəldiyini sübut edir. Bu birlik Suriyada potensial Azərbaycan–Türkiyə–Suriya üçtərəfli mexanizminin formalaşmasına yol aça bilər (xüsusilə təhlükəsizlik, enerji və logistik sahələrdə). Bu, həm Rusiya, həm də İranla balans yaratmaq üçün Ankara-Bakı cütlüyünün təşəbbüsüdür. İranın Şam üzərində təsirini azaltmaq, Rusiyanın isə zəifləyən mövqeyində yer tutmaq hədəflənir. Bu addım Azərbaycanın regional diplomatik arxitekturada öz “istinad nöqtələrini” yaratmaq prosesidir. Qahirədə, Bağdadda və indi də Şamda diplomatik bərpa – tək diplomatiya deyil, geosiyasi proyeksiyadır. Bərpa prosesi = iqtisadi nüfuz quruculuğu. Azərbaycan burada həm enerji ixracatı, həm də infrastrukturun yenidən qurulmasında açıq oyunçu kimi çıxış edir. Əhməd Əl Şaraanın razılığı və minnətdarlığı, Azərbaycanın müdaxilə etmədən, lakin dəstək verərək nüfuz qazanma modelinin effektivliyini göstərir – “zərif güc” (soft power) strategiyasıdır.
Azərbaycanın diplomatik fəzası Cənubi Qafqazdan Orta Şərqə doğru genişlənir. Türkiyə ilə sinxron görüşlər qrafik üzərindəki paralellik deyil, dərin koordinasiyanın real göstəricisidir. Bu, Azərbaycan–Türkiyə ikililiyinin “bölünmüş rol” modelidir – biri iqtisadi və texniki stabilizasiya aparır, digəri hərbi və strateji çərçivə yaradır.
Azərbaycan-Suriya enerji əməkdaşlığı – elektrik enerjisi, qaz infrastrukturu sahələrində əməkdaşlıq ola bilər. Azərbaycanın beynəlxalq bərpa missiyalarında iştirakının artması, Suriyada yollar, məktəblər, infrastruktur layihələrinin həyata keçirilməsi ilə müşayiət oluna bilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub. Bu, Azərbaycanın beynəlxalq sistemdə normativ güc kimi formalaşması yolunda yeni mərhələdir. ŞKTC-nin tanınmayan statusuna baxmayaraq, Azərbaycan onu Türk dünyasının tamhüquqlu siyasi subyekti kimi qəbul edir, bu isə tanınmaya gedən yolda real diplomatik platforma yaradır. Bu görüş, həm də qeyri-tanıma siyasətinin selektiv şəkildə dəyişdirilə biləcəyinə dair “alternativ normativ düzən” siqnalıdır. İlham Əliyevin bir neçə gün öncə ADA Universitetində dediyi: “Türk dünyasının coğrafi sərhədləri genişdir və Türk Dövlətləri Təşkilatına üzv və ya müşahidəçi olan bütün dövlətlər bizim üçün eyni dərəcədə dəyərlidir” fikrinin praktiki və beynəlxalq diplomatik davamıdır.

ŞKTC-nin TDT-də müşahidəçi statusu və Azərbaycan kimi ölkələrin bunu rəsmi səviyyədə tanıması onu de-fakto regional aktora çevirir. Qərbin tanımadığı aktorların (Kosovo, ŞKTC və s.) alternativ bloklar çərçivəsində tanınması tendensiyası artır. Azərbaycan bu trendləri önləyən deyil, alternativ formatlarda inkişaf etdirən ölkə rolunu alır. İki dövlətin paralel şəkildə ŞKTC ilə görüşləri ortaq tanıma və legitimləşdirmə strategiyası kimi oxunmalıdır.
Bu görüş Azərbaycanın beynəlxalq hüquq və reallıq arasında yeni balans qurmaq potensialını ortaya qoyur. ŞKTC-nin tanınması məsələsində diplomatik reallığın dəyişdirilməsi üçün “Türk dünyası modeli” inkişaf etdirilir. Azərbaycan bu prosesi regional səviyyədən qlobal diplomatik müstəviyə keçirmək üçün ideal aktor roluna girir. Bu yaxın gələcəkdə ŞKTC ilə texniki və iqtisadi əməkdaşlıq protokollarının (xüsusilə turizm, təhsil, texnologiya sahələrində), Türk Dövlətləri Təşkilatında ŞKTC üçün müşahidəçi statusunun genişləndirilməsinin (siyasi dialoq formatlarına tam inteqrasiya), Azərbaycanın ŞKTC-yə rəsmi səviyyədə ilk diplomatik nümayəndə göndərməsinin ( bu, tanınma yolunda dönüş nöqtəsi olar) siqnalı ola bilər.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan aprelin 11-də eyni liderlərlə görüşürlər: Sudan, Suriya, ŞKTC, Gürcüstan. Bu görüşlər sadəcə ikili münasibətlərin təzahürü deyil – bu, ortaq strateji aktordan regional və transregional diplomatik müstəviyə keçiddir. Bu sinxronluqla ötürülən mesaj odur ki, “Biz yalnız regional güclər deyilik, biz koordinasiyalı geosiyasi oyunçularıq. Türkiyə və Azərbaycan birlikdə geosiyasi normalar formalaşdırır.”
Bu, Türkiyə və Azərbaycanın Qərbin dominantasından fərqli olaraq Qlobal Cənuba açılması, bu dövlətlərlə daha bərabərhüquqlu və hörmətə əsaslanan münasibətlər qurmaq cəhdidir. Bu yanaşma kollektiv Qərbin dar çərçivələrini aşmaq istəyən ölkələrə alternativ diplomatik mərkəz təklif edir. Burada Cənubi Qafqaz – Yaxın Şərq – Afrika oxu formalaşır. Gürcüstan, Suriya, Sudan kimi ölkələrlə eyni diplomatik gündəmi paylaşmaq, onları ortaq müzakirə platformalarına daxil etmək, blokdaxili qarşılıqlı asılılıq və siyasi inteqrasiya deməkdir. Əliyev-Ərdoğan dialoqunun əsas kodları: "Qardaşlıq" (mədəni kod) - "Müttəfiqlik" (hərbi-strateji kod) - "Diplomatik planlaşdırma" (gələcək nizamın inşası).
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın paralel görüşləri və Antalyada birbaşa təmasları göstərir ki, Azərbaycan və Türkiyə artıq regionları tənzimləyən aktorlar deyil – regionları təşkil edən və onları qlobal sistemə alternativ yollarla bağlayan güc mərkəzləridir.
Bu dinamika Azərbaycanın 2030 perspektivində geosiyasi rolunu daha da möhkəmləndirəcək. Antalya Diplomatiya Forumu bu baxımdan yalnız bir beynəlxalq tədbir deyil, Azərbaycanın diplomatik strateji xəttinin nümayiş platforması idi.
Rauf Məmmədov
Cross Media Təhlil Mərkəzinin analitiki, fəlsəfə doktoru