Politoloq: “ABŞ Çinə qarşı təzyiqləri artıracaq”

Ağ evin mətbuat katibi Kerolayn Livitt Vaşinqtonun Pekinə qarşı idxal rüsumlarını kəskin artırmasını və cavab tədbirlərini şərh edərkən deyib ki, ABŞ Prezidenti Donald Tramp Çin ilə ticarət sazişi bağlamağa açıqdır.
“Prezident çox aydın şəkildə bildirib ki, o, Çin ilə sazişə açıqdır”, – Amerika liderinin rəsmi nümayəndəsi söyləyib. “O, nikbindir”, – Livitt Trampı və Çin ilə ABŞ arasında ticarət üzrə razılaşma əldə etmək perspektivlərini nəzərdə tutaraq əlavə edib.
Onun sözlərinə görə, Pekin “cavab tədbirləri görməyə davam edərsə, bu Çin üçün yaxşı olmayacaq”.
Eyni zamanda, o təsdiqləyib ki, Çinə qarşı Amerika gömrük rüsumu dərəcəsi “dünən olduğu kimi – 145 % səviyyəsində qalır”. Livittin sözlərinə görə, əgər digər dövlətlər ABŞ-dən tədarüklərə simmetrik gömrük rüsumları tətbiq etmək yolunu seçsələr, Tramp “daha güclü cavab zərbəsi vurmaq” niyyətindədir.
Son illərdə ABŞ və Çin arasında yaranan gərginlik dünya siyasətində əsas mövzulardan birinə çevrilmişdi. İndi isə Vaşinqton qarşıdurma yerinə əməkdaşlıq yolunu seçmək niyyətindədir. ABŞ rəhbərliyi Çinlə münasibətləri normallaşdırmaq və dialoqu ön plana çəkməklə daha sabit beynəlxalq mühit yaratmaq istəyir.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ strateji olaraq Çini özünün düşməni hesab edir: "Buna görə də Trampın bütün addımları Çinin iqtisadi baxımdan inkişafının qarşısını almağa və onu zəiflətməyə yönəlib. Çinə tətbiq edilən gömrük rüsumları də buna xidmət edir. İndi Vaşinqton və Pekin arasında iqtisadi müharibə baslayıb. Bundan bütün dünya ölkələri təsirlənəcək. Lakin Vaşinqton bu savaşda uğurlu nəticə əldə etməyənə qədər çox güman ki, dayanmayacaq".
Politoloq bildirib ki, Vaşinqtonun Pekinə ticarət sazişi bağlamaq təklifi növbəti həmlədir:
"Bunu həm də Pekinə hücumun yeni mərhələsinə hazırlıq hesab etmək olar. Çox güman ki, Vaşinqton özünə sərfəli bir saziş təklif edəcək, Pekin isə bunu qəbul etməyəcək. Bundan sonra isə Pekinə qarşı iqtisadi təzyiqlər güclənəcək. Fakt bundan ibarətdir ki, Pekinin Vaşinqtona məhsul ixracı ABŞ-nin Çinə ixracından iki dəfə çoxdur. Bu isə ticarət savaşında Pekinin daha çox zərər görəcəyini deməyə əsas verir. Ona görə də Çin ABŞ ilə razılaşmaya getməyə razı ola bilər. Lakin irəli surülən təkliflər Pekinin iqtisadi maraqlarına uyğun olmalıdır. Bunun isə ehtimalı azdır".
Aydan Quliyeva
14:48 13.04.2025
Oxunuş sayı: 1932