ABŞ-Səudiyyə Ərəbistanı strateji əməkdaşlığa yeni mərhələ açır – Politoloq
ABŞ və Səudiyyə Ərəbistanı arasında ikitərəfli strateji münasibətlər yeni mərhələyə qədəm qoyur. ABŞ Prezidenti Donald Tramp Vaşinqtona səfər edən Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman Əl Saudun şərəfinə Ağ Evdə keçirilən şam yeməyində Səudiyyə Ərəbistanına NATO-ya üzv olmayan əsas müttəfiqi statusu verildiyini və iki ölkə arasında tarixi strateji müdafiə müqaviləsinin imzalandığını açıqlayıb. Bu addımlar ABŞ-Səudiyyə Ərəbistanı əlaqələrində hərbi və siyasi əməkdaşlığın yeni səviyyəyə qalxdığını göstərir və regionda geosiyasi balansın formalaşmasına təsir göstərə bilər.
Bu barədə Crossmedia.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Səudiyyə Ərəbistanının vəliəhdi şahsının ABŞ-a səfəri iki dövlət arasında yeni siyasi mərhələnin başlanması kimi qiymətləndirilə bilər: "Çünki bağlanan müqavilələr və ABŞ-nin Səudiyyə Ərəbistanına NATO-ya üzv olmayan əsas müttəfiqi statusu verməsi, yaxın gələcəkdə yeni hərbi-siyasi nizamın formalaşması deməkdir. Bu kontekstdə ABŞ regionda artan Çin təsirini neytrallaşdırmağa çalışır".

Politoloq əlavə edib ki, artıq Səudiyyə Ərəbistanı ABŞ-nin hərbi-strateji müttəfiqidir və ölkə ABŞ iqtisadiyyatına sərmayə yatırımı ilə dəstəkləyir: "Həmçinin, İsrailin siyasətini balanslaşdırmaq da ABŞ üçün prioritetdir. Qüvvələr balansını təmin etməklə Donald Tramp bölgədə sülh proseslərini dəstəkləyir. Səudiyyə Ərəbistanına hərbi dəstək və xüsusi statusun verilməsi onun regiondakı geosiyasi mövqeyini gücləndirəcək. Misir, İsrail, Türkiyə və digər yaxın Şərq ölkələri ilə münasibətlərdə ABŞ Səudiyyə Ərəbistan vasitəsilə müəyyən balans yaratmağa çalışacaq. Bu, həm regional stabilliyi, həm də strateji maraqları təmin etmək üçün vacib addımdır".
Mehriban Yariyeva
12:43 20.11.2025
Oxunuş sayı: 1793