ABŞ Venesuelanın neft sərvətləri üçün Maduro ilə danışıqlara gedə bilər- Politoloq
ABŞ–Venesuela münasibətləri son illərdə gərgin və mürəkkəb xarakter daşıyır. ABŞ administrasiyası Venesuela rəhbərliyini narkotik qaçaqmalçılığı ilə mübarizədə yetərsiz olmaqda ittiham edir və ölkəyə hərbi təzyiq göstərməkdən çəkinmir. ABŞ Hərbi Dəniz Qüvvələrinin Karib dənizindəki geniş hərbi fəaliyyətləri və Venesuela ilə mümkün danışıqlar perspektivi bölgədə geosiyasi gərginliyi artıran əsas amillərdən biridir. Hazırkı şəraitdə ABŞ–Venesuela münasibətlərində həm diplomatik imkanlar, həm də hərbi risklər diqqət mərkəzindədir.
Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, ABŞ-nin əslində niyyəti Venesuelanın neft sərvətlərindən, mineral ehtiyatlarından istifadə ilə bağlıdır: “Yəni əgər Maduro bu məsələlərə razılıq verərsə və ABŞ üçün özünün neft ehtiyatlarını açarsa, o zaman onun hakimiyyətdə qalmasına müəyyən dərəcədə şərait yaradıla bilər. Təbii ki, bəzi güzəştlər keçirilmək şərti ilə. Tramp ona görə Maduronun üstünə gedir ki, ümumilikdə Venesuelanın sosialist hökuməti, hələ Uqo Çavesin vaxtından, Venesuelanın neft ehtiyatlarına ABŞ-nin girişinə icazə vermir. Məlum olduğu kimi, Venesuela dünyada ən böyük neft ehtiyatına malik ölkədir. Ancaq ABŞ bu qonşuluğunda yerləşən ölkənin zəngin sərvətlərindən faydalana bilmir. Trampı qıcıqlandıran əsas məsələ məhz budur”.

Z. Əmrəliyev vurğulayıb ki, əgər Maduro ABŞ-yə razılıq verərsə, ona müəyyən güzəştlər edilə bilər və hakimiyyətdə qalmasına müəyyən dərəcədə şərait yarana bilər: “Trampın bu açıqlaması Venesuela rəhbərliyi üçün bir signaldır ki, güzəştlərə getsin, əks halda hakimiyyətdə qalmaq şansı az olacaq. Maduronun vəziyyəti çox çətindir. Birinci növbədə ölkədə güclü müxalifət mövcuddur və faktiki olaraq həmin müxalif əhalinin böyük əksəriyyətini təmsil edir. Seçkilərdə qalib gəlmiş müxalifətdən söhbət gedir; parlamentin əksəriyyəti onların tərəfdarlarıdır.İkinci məsələ isə xaricdən güclü təzyiqin olmasıdır. Donald Tramp özü çox ciddi təzyiq göstərir və əgər ABŞ ağır sanksiyalar tətbiq edərsə, Venesuela hakimiyyəti dünya enerji siyasətini həyata keçirə bilməyəcək. ABŞ-nin Rusiyanın neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaların eynisi, Venesuelaya qarşı tətbiq olunsa, ölkə ciddi problemlərlə üzləşə bilər. Bu səbəbdən danışıqlara getmək Maduro üçün real alternativdir. Ola bilsin ki, aparılan danışıqlar zamanı müəyyən güzəştlər həyata keçirilə və ABŞ Venesuelanın neft ehtiyatlarını əldə edə bilər. Əvəzində isə Maduro hökumətdə az da olsa qala bilər”,
Mehriban Yariyeva
22:30 18.11.2025
Oxunuş sayı: 1150