İsveç mətbuatı Ərdoğanı Atatürklə müqayisə etdi: “Güc, din, iqtisadiyyat və beynəlxalq siyasəti…”

İsveçrənin nüfuzlu “Die Weltwoche” jurnalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı “Böyük Ərdoğan” başlıqlı məqalə dərc olunub. Məqalədə Ərdoğanın beynəlxalq siyasətdə balanslı yanaşması və ölkəsində həyata keçirdiyi dəyişikliklər yüksək qiymətləndirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat verib.
Məqalədə qeyd olunur ki, Ərdoğan 23 illik hakimiyyəti dövründə Fatih Sultan Mehmet, Kanuni Sultan Süleyman və Atatürk kimi tarixi liderlərlə bir sırada dayana bilər. O, güc, din, iqtisadiyyat və beynəlxalq siyasəti uğurla balanslaşdırmağı bacarıb.
Strateji mövqe və Qərblə münasibətlər
Yazıda Türkiyənin coğrafi mövqeyinə diqqət çəkilərək ölkənin Şərq və Qərb arasında körpü olduğu vurğulanır. Ərdoğanın “Avropa bu əlaqəni az qiymətləndirməməlidir” sözlərinə yer verilir. Türkiyənin NATO üzvü olduğu və ən böyük Avropa ordusuna sahib olduğu da qeyd edilir.
ABŞ-nin narahatlığına baxmayaraq, Rusiyadan S-400 raket sistemlərinin alınması Ərdoğanın Qərbə asanlıqla yön verilə biləcək lider olmadığını göstərdiyi vurğulanır. Məqaləyə görə, Qərb də Türkiyəni itirməmək üçün ehtiyatlı davranır.
Diplomatik balans və neo-Osmanlı yanaşması
Ərdoğanın heç bir tərəfi kənarda qoymadan balanslı siyasət yürütməsi, Balkanlar və türk diasporası ilə əlaqələrin güclənməsi qeyd edilir. Müəllifə görə, Türkiyə bu gün qlobal güclərin diqqət mərkəzindədir və Ərdoğan bu fürsətdən bacarıqla istifadə edir.
İqtisadi uğurlar və texnologiyada yüksəliş
Məqalədə turizm sahəsində əldə edilən uğurlardan da danışılır. 2002-ci ildə 12,5 milyon olan turist sayı 2024-cü ildə 62,2 milyona çatıb. İstanbul Hava Limanı və Türk Hava Yollarının (THY) uğurları xüsusi qeyd edilir.
Ərdoğanın hakimiyyəti dövründə adambaşına düşən ÜDM-in 4 dəfə artdığı, Türkiyənin Avropada iqtisadi gücə görə 7-ci sırada yer aldığı bildirilir. Beynəlxalq Valyuta Fondunun (IMF) 2025 üçün 3,1% iqtisadi artım proqnozlaşdırdığı da vurğulanır.
Qeyd edək ki, burada texnologiya sahəsində Baykar şirkətinin uğurları da qeyd olunub. Şirkət dünyada, o cümlədən Ukraynada pilotsuz uçuş aparatları ilə tanınır.
Fatimə Məmmədova
23:25 12.04.2025
Oxunuş sayı: 1839