Trampın Yaxın Şərq səfərinə Türkiyə daxil ediləcəkmi?

ABŞ-ın sabiq prezidenti Donald Trampın Yaxın Şərq turnesi çərçivəsində may ayında Türkiyəyə səfər edə biləcəyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Ağ Evdən verilən açıqlamaya görə, Trampın səfər proqramına başqa ölkələrin də əlavə oluna biləcəyi istisna edilmir. Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünün harada keçiriləcəyi isə hələlik bəlli deyil.
Ağ Evin yüksək vəzifəli rəsmisi Trampın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-dən sonra Türkiyəyə də səfər etməyi planlaşdırdığını açıqlayıb. Bu baş tutarsa, Tramp prezidentliyi dövründə ilk dəfə Türkiyəyə səfər etmiş olacaq. Qeyd edək ki, ABŞ-ın keçmiş prezidentlərindən Corc Buş 2004-cü ildə, Barak Obama isə 2009 və 2015-ci illərdə Türkiyəyə səfər edib.
Tramp daha əvvəl Ərdoğan haqqında müsbət fikirlər səsləndirib və onu “sərt, ağıllı və heç kimin edə bilmədiyini edən lider” kimi xarakterizə edib. O, həmçinin Türkiyənin Suriyada Bəşər Əsəd rejiminin devrilməsində rol oynadığına inandığını bildirib.
Vaşinqton və Ankara arasında münasibətlər son illər gərgin olub. Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması ABŞ sanksiyalarına və F-35 proqramından çıxarılmasına səbəb olub. Lakin daha sonra Türkiyənin İsveçin NATO üzvlüyünü təsdiqləməsi fonunda 40 ədəd F-16 təyyarəsinin alınması və modernləşdirilməsi razılaşdırılıb.
Türkiyə Ukraynanı dəstəkləyir, lakin Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina edir. Vaşinqton isə sanksiyaları pozduğuna görə bəzi türk şəxslərə və şirkətlərə qarşı tədbirlər görüb.
Zəhra Ağayeva
16:00 12.04.2025
Oxunuş sayı: 1231