Aİ-ABŞ ticarət müharibəsi: əsas fiqurlar və mövqelər

Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında ticarət müharibəsi daha da gərginləşir. ABŞ Prezidenti Donald Trampın Aİ-dən idxal olunan mallara 20 faizlik gömrük rüsumu tətbiq etməsi transatlantik iqtisadi münasibətləri sarsıdıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən məlumat verir.
Vaşinqton bu addımı “qarşılıqlı tədbir” adlandırsa da, Brüssel bu qərarı nə əsaslandırılmış, nə də etibarlı sayır. Trampın rüsum qərarı çoxtərəfli iqtisadi nizamı birtərəfli şəkildə dəyişmək cəhdi kimi qiymətləndirilir. Avropa Komissiyası isə danışıqlarla problemi həll etməyə üstünlük verir.
Von der Leyen və “sıfıra sıfır” təşəbbüsü
Avropa Komissiyasının sədri Ursula von der Leyen tarif mübahisəsini yumşaltmaq üçün yeni təklif irəli sürüb: sənaye mallarına qarşılıqlı olaraq bütün tariflərin ləğvi. Bununla belə, o bildirib ki, Aİ maraqlarını qorumaq üçün cavab tədbirlərinə də hazırdır. Əgər böhran dərinləşərsə, tariflərin hansı sahələrə təsir göstərəcəyinə də o qərar verəcək.
Şefçoviç: Ticarət cəbhəsinin yeni siması
Slovakiyalı Maroş Şefçoviç gözlənilmədən Avropa Ticarət Komissarı təyin edilsə də, hazırda bu ticarət qarşıdurmasının ön cəbhəsindədir. İki dəfə Vaşinqtona səfər edən Şefçoviç hələlik danışıqlarda nəticə əldə edə bilməyib. O, bildirib ki, ABŞ-ı masaya gətirmək həm zaman, həm də ciddi səylər tələb edir.
Hazırda Aİ rəhbərliyi tarif təzyiqləri qarşısında həm təmkinli, həm də qətiyyətli yanaşma nümayiş etdirməyə çalışır. Ticarət müharibəsinin növbəti mərhələsində isə tərəflərin mövqeləri və diplomatik səyləri həlledici olacaq.
Zəhra Ağayeva
17:47 09.04.2025
Oxunuş sayı: 2129