Zelenski Ukrayna qoşunlarının Belqorodda aktivləşdiyini ilk dəfə təsdiqlədi

Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə olaraq Ukrayna qoşunlarının Rusiyanın Belqorod vilayətində fəallaşdığını təsdiqləyib. O, bu addımın sərhədə yaxın Ukrayna şəhərlərini qorumaq məqsədi daşıdığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Zelenski gecə videomüraciətində bildirib ki, Ukraynanın ali baş komandanı Oleksandr Sırski Kursk bölgəsində və Belqorod vilayətində Ukrayna qüvvələrinin mövcudluğu ilə bağlı hesabat təqdim edib. Prezident deyib: “Biz düşmənin sərhəd bölgələrində aktiv əməliyyatları davam etdiririk və bu, tamamilə haqlıdır, müharibə başladığı yerə qayıtmalıdır. Əsas məqsədimiz torpaqlarımızı və Sumı ilə Xarkov vilayətlərindəki icmalarımızı rus işğalçılarından qorumaqdır”.
Zelenski həmçinin Ukraynanın 225-ci Hücum Alayının bölgədəki fəaliyyətinə toxunaraq, bölməni göstərdiyi nəticələrə görə təbrik edib. O, Kiyevin mövqeyini bir daha vurğulayıb ki, Rusiya qüvvələri Kursk bölgəsində müəyyən əraziləri geri alsa da, bu əməliyyat rus ordusunu Donetskdəki əsas döyüş cəbhəsindən yayındırmaq baxımından uğurlu olub.
“Bütün Kursk əməliyyatı nəticəsində biz cəbhənin digər sahələrində, xüsusən Donetsk bölgəsində təzyiqi azalda bildik,” – deyə Zelenski əlavə edib.
Xatırladaq ki, Zelenski ötən ay da Ukrayna ordusunun Rusiyada “müəyyən addımlar atdığını” bildirmiş və bu addımların Belqorod vilayətinə işarə etdiyini demişdi. Rusiya hərbi bloqçuları da Belqorod vilayətində Ukrayna və Rusiya qüvvələri arasında döyüşlərin getdiyini yazıblar.
Bazar günü Rusiya ordusu Ukraynanın şimal-şərqindəki Sumi vilayətinin Kursk bölgəsi ilə üzbəüz yerləşən Basivka kəndini ələ keçirdiyini açıqlayıb. Rusiya prezidenti Vladimir Putin isə dəfələrlə sərhəd boyunca bufer zona yaradılmasını təklif edib.
Ukrayna ordusunun sözçüsü isə bazar ertəsi Basivkanın Rusiya qüvvələrinin nəzarətində olduğunu təkzib edib.
Zəhra Ağayeva
13:18 08.04.2025
Oxunuş sayı: 1708