Efiopiya Rusiyadan 12 qırıcı təyyarə alıb
Efiopiya Rusiyadan 12 ədəd Su-35 qırıcı təyyarəsini vaxtından əvvəl təhvil alıb və əlavə olaraq dörd S-400 hava hücumundan müdafiə batareyası əldə etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə Efiopiyanın Baş naziri Abiy Əhmədin açıqlamasına istinadən məlumat yayıb.
Baş nazir oktyabrın 28-də Moskvada keçirilən Rusiya–Afrika Zirvə Görüşü çərçivəsində ölkəsinin hərbi imkanlarının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Onun sözlərinə görə, Rusiya istehsalı olan Su-35 qırıcıları əvvəlcədən razılaşdırılmış vaxtdan bir il tez təhvil verilib.
Abiy Əhməd təyyarələrin erkən çatdırılmasında göstərdiyi dəstəyə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.
Baş nazir bildirib ki, Efiopiya Rusiyadan dörd S-400 hava hücumundan müdafiə batareyası da alacaq.
Müqavilənin ümumi dəyəri, S-400 sistemlərinin çatdırılma tarixi və hərbi texnikanın yerləşdiriləcəyi ərazilər açıqlanmayıb.
Qeyd edək ki, Efiopiya ilə qonşu Eritreya arasında münasibətlər son dövrlərdə gərginləşib. Addis-Abeba Eritreyanı ölkənin şimalındakı Tiqray bölgəsində fəaliyyət göstərən silahlı qruplara dəstək verməkdə ittiham edir. Eritreya isə bu iddiaları rədd edir.
17:17 28.10.2026
Oxunuş sayı: 58