AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələri üzrə qrant sazişləri imzalanıb
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə Azərbaycanda "yaşıl enerji" layihələri üzrə qrant sazişləri imzalanıb.
Crossmedia.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Pərviz Şahbazovla AİİB-in İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib. Görüşdə Bankın "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırılmasına göstərdiyi dəstək, eləcə də əməkdaşlığın dənizdə külək enerjisi potensialından istifadə istiqamətində genişləndirilməsi yüksək qiymətləndirilib.
Azərbaycan Hökuməti ilə İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Maliyyə Mexanizminin İcraçı Tərəfdaşı qismində Asiya İnfrastruktur İnvestisiya Bankı arasında "Azərbaycanda irimiqyaslı dənizdə külək elektrik stansiyasını dəstəkləyən sahil infrastrukturu üzrə layihə konsepsiyası" və "Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması" üzrə qrant sazişləri imzalanıb. Sənədləri Azərbaycan Hökuməti adından energetika naziri Pərviz Şahbazov, AİİB tərəfindən isə qurumun dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovski imzalayıb.
P.Şahbazov deyib: "Bu sazişlər Azərbaycanın Xəzər dənizində külək enerjisinin genişmiqyaslı inkişafı və yaşıl enerjinin regional və qitələrarası ötürülməsi üzrə strateji hədəflərinə beynəlxalq dəstəyin növbəti təzahürüdür. Bu əməkdaşlıq bir tərəfdən dənizdə külək enerjisinin mənimsənilməsi üçün zəruri sahil infrastrukturunun inkişafına, digər tərəfdən isə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin formalaşdırılmasına xidmət edir. Hər iki layihə Azərbaycanın zəngin bərpa olunan enerji potensialının iqtisadi dəyərə çevrilməsi, Xəzər və Mərkəzi Asiyanın yaşıl enerji resurslarının ixracı, ölkəmizin regional enerji inteqrasiyasında strateji rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. AİİB-in Azərbaycanın "yaşıl enerji" təşəbbüslərinə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk."
K.Limitovski isə bildirib ki, bu, AİİB-in MCDF-dən dəstək alan "Xəzər Yaşıl Enerji Dəhlizi" və "Azərbaycanda genişmiqyaslı dəniz külək elektrik stansiyasının yaradılmasını dəstəkləyən sahil infrastrukturu" layihələri üzrə Azərbaycanla imzaladığı ilk iki qrant sazişidir. Bu mühüm mərhələ layihələrin hazırlanması sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır, dayanıqlı enerji infrastrukturuna gələcək investisiyaların cəlb edilməsinə və regional bağlantıların gücləndirilməsinə zəmin yaradır.
Qrant sazişləri "Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması"na 1 milyon ABŞ dolları və irimiqyaslı dəniz külək elektrik stansiyalarını dəstəkləyən sahil infrastrukturu üzrə layihənin konseptual tədqiqatının hazırlanmasına isə 0,1 milyon ABŞ dolları maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.
13:41 09.10.2026
Oxunuş sayı: 54