Qəzzada atəşkəsə baxmayaraq İsrailin hücumlarında 2 fələstinli ölüb
BMT Baş Assambleyasının 81-ci sessiyasında Fələstin məsələsinin müzakirə olunduğu vaxtda Qəzza zolağında atəşkəsə baxmayaraq İsrail ordusunun hücumları davam edib və iki fələstinli həlak olub.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Xəstəxana mənbələrinin məlumatına görə, İsrail ordusunun Qəzza şəhərinin şimalındakı Ət-Tuffah məhəlləsinə endirdiyi zərbələr nəticəsində iki fələstinlinin meyiti və biri uşaq olmaqla üç yaralı Şifa xəstəxanasına çatdırılıb. Şahidlər İsrailin həmin ərazidə bir kafeyə yaxın hissəni pilotsuz uçuş aparatı ilə vurduğunu bildiriblər.
Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində də İsrail ordusu pilotsuz uçuş aparatı ilə mülki avtomobili hədəfə alıb. Səhər saatlarında isə İsrail əsgərlərinin açdığı atəş nəticəsində fələstinli qadın yaralanıb.
Qəzzada 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsə baxmayaraq İsrail ordusunun bölgəyə hücumları davam edir. “Anadolu Agentliyi”nin məlumatına görə, son günlərdə də Qəzzanın müxtəlif bölgələrində mülki şəxslərə və məcburi köçkünlərin sığındığı ərazilərə hücumlar qeydə alınıb.
21:23 22.09.2026
Oxunuş sayı: 48