Putin APEC sammitinə gedəcək, G20-yə qatılmayacaq
Rusiya Prezidenti Vladimir Putin noyabrda Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etməyi, ABŞ-də keçiriləcək G20 sammitinə isə qatılmamağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, "Bloomberg" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, APEC sammiti noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçiriləcək. Putinin bu toplantıda şəxsən iştirakı 2017-ci ildən bəri ilk dəfə olacaq.
Bloomberg-in mənbələri Rusiya prezidentinin dekabrın 14-15-də ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitinə qatılmaq ehtimalını olduqca aşağı qiymətləndirib. Tədbirdə ABŞ Prezidenti Donald Trampın da iştirakı gözlənilir.
Mənbələrin bildirdiyinə görə, Kreml Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı G20 sammitinə qədər ciddi irəliləyiş gözləmir. Eyni zamanda Rusiyada ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin danışıqlar prosesindəki fəaliyyətindən narazılığın artdığı bildirilir.
Bundan əvvəl Rusiyanın xarici siyasət üzrə köməkçisi Yuri Uşakov Putin və Çin Prezidenti Si Cinpin arasında APEC sammiti çərçivəsində ABŞ, Rusiya və Çin liderlərinin üçtərəfli görüşünün keçirilməsi imkanının müzakirə edildiyini bildirmişdi. Lakin belə görüşlə bağlı hazırda konkret razılaşma yoxdur.
13:38 22.09.2026
Oxunuş sayı: 36