Türkiyə dünyada ədalətsizliklə üzləşənlərin yanında olacağını açıqladı
Türkiyə dünyada ədalətsizlik və zülmlə üzləşən insanların yanında olmaqda davam edəcək və daha ədalətli dünyanın qurulması üçün bütün diplomatik imkanlardan istifadə edəcək.
Crossmedia.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Beynəlxalq Sülh Günü ilə bağlı paylaşımında bu barədə məlumat verib.
Duran bildirib ki, Beynəlxalq Sülh Günü, ilk növbədə, Qəzzada yaşanan vəziyyətə diqqət çəkir. Onun sözlərinə görə, Qəzzada bəşəriyyətin fundamental dəyərlərinin ciddi sınaqdan keçirildiyi bir vaxtda uşaqların, qadınların və günahsız mülki şəxslərin üzləşdiyi əzablara qarşı ədalət, vicdan və sülhün tərəfində olmaq bütün insanların ortaq məsuliyyətidir.
O vurğulayıb ki, zülmə məruz qalanların səsini eşitmək, insan həyatını bütün digər məsələlərdən üstün tutmaq və hər kəs üçün ədaləti müdafiə etmək daha yaşanılabilir dünyanın qurulması üçün vacibdir.
Duran Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dünyanın istənilən yerində ədalətsizlik və zülmə məruz qalanların yanında olacağını bildirib.
Onun sözlərinə görə, Türkiyə diplomatiyanın təqdim etdiyi imkanlardan tam şəkildə istifadə edərək daha ədalətli dünyanın qurulması istiqamətində fəaliyyətini davam etdirəcək.
Duran həmçinin silahların susduğu, hüququn və vicdanın üstün gəldiyi, heç bir uşağın müharibə, zülm və ya soyqırım kölgəsində böyüməyə məcbur olmadığı bir dünya arzusunu ifadə edib.
17:30 21.09.2026
Oxunuş sayı: 44