Yasamal rayonunda 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisi keçirilib
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya birgə təşkilatçılığı ilə 21 Sentybar-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisi keçirilib.
Sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurə İsgəndərova, YAP Yasamal rayon təşkilatının və Beynəlxalq Qalereyanın əməkdaşları, media nümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Crossmedia.az xəbər verir ki,Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında baş tutuan sərgidə 50 nəfər rəssamın əsərləri təqdim edilib. Sərgidə müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət nümunələri nümayiş olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək 21 sentyabr – Beynəlxalq Sülh Gününün bəşəriyyət üçün mühüm siyasi və mənəvi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, sülh yalnız müharibələrin və qarşıdurmaların olmaması deyil, dövlətlər arasında etimadın, qarşılıqlı hörmətin və əməkdaşlığın möhkəmləndirilməsi deməkdir. Bəxtiyar Nəbiyev Azərbaycanın uzun illər ərzində regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdiyini vurğulayıb. Sədr qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması Cənubi Qafqazda yeni siyasi reallıq yaradıb. O bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılmış mətninin paraflanması regionda davamlı sülhün təmin edilməsi istiqamətində mühüm tarixi addım olub. Bəxtiyar Nəbiyev vurğulayıb ki, Azərbaycan əldə etdiyi Zəfərdən sonra da sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək Cənubi Qafqazda sabitliyin, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsinə mühüm töhfələr verir. O qeyd edib ki, Vaşinqtonda əldə olunan razılaşmalar regionda kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişlənməsi və xalqlar arasında yeni əməkdaşlıq mühitinin formalaşması üçün mühüm imkanlar yaradıb. Sədr “Ağ göyərçinin izi ilə” adlı rəsm sərgisinin də məhz belə bir mühüm siyasi və ictimai reallıq fonunda sülh ideyalarının təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, gənclərin və yaradıcı insanların sülh, həmrəylik, humanizm və qarşılıqlı anlaşma ideyalarını dəstəkləməsi Azərbaycanın sülh gündəliyinin cəmiyyətdə daha geniş şəkildə təbliğinə xidmət edir. Bəxtiyar Nəbiyev sərginin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək, sülhün və əmin-amanlığın möhkəmləndirilməsinə xidmət edən bu cür təşəbbüslərin davamlı olmasını arzulayıb.
Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurə İsgəndərova çıxış edərək rəsm sərgisinin əhəmiyyətindən bəhs edib. Rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Çıxışlardan sonra rəssamlara diplomlar təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
14:05 21.09.2026
Oxunuş sayı: 100