Yeni reallığın diplomatik mənzərəsi
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri ölkəmizin postmünaqişə dövründə həyata keçirdiyi siyasətin və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin beynəlxalq nümayəndələrə yerində nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nümayəndənin iştirak etməsi tədbirin geniş beynəlxalq təmsilçiliyini göstərir. Diplomatlar Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə aparılan quruculuq işləri, sosial-iqtisadi inkişaf və tarixi-mədəni irsin qorunması ilə tanış olublar.
Crossmedia.z xəbər verir ki, səfərin diqqət çəkən məqamlarından biri isə Ermənistanın bəzi siyasi və media dairələrinin buna verdiyi reaksiyalar oldu. Ayrı-ayrı erməni media resurslarında diplomatik nümayəndələrin Azərbaycana səfərinə görə tənqidi və təzyiq xarakterli fikirlər səsləndirildi. Bu yanaşma Azərbaycan mediasında və bəzi ekspert çevrələrində revanşist düşüncənin təzahürü kimi qiymətləndirildi.
Əslində, burada əsas sual budur: Azərbaycanın suveren ərazisinə xarici diplomatların səfəri niyə Ermənistanın müəyyən dairələrində belə narahatlıq doğurur? Söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən gedir. Qarabağ və Şərqi Zəngəzur Azərbaycan Respublikasının suveren əraziləridir. Xarici diplomatik nümayəndələrin bu ərazilərə səfərinin təşkil olunması Azərbaycanın suveren hüquqları çərçivəsində həyata keçirilir. Buna görə də həmin səfərlərin Ermənistanın ayrı-ayrı siyasi dairələri tərəfindən hədəfə alınması, ilk növbədə, Azərbaycanın öz ərazisində həyata keçirdiyi fəaliyyətə münasibət məsələsidir.
Diplomatların bölgəyə səfərinin əsas əhəmiyyəti isə onların reallığı yerində görmək imkanına malik olmasıdır. Xankəndidə, Şuşada, Ağdərədə və Kəlbəcərdə aparılan quruculuq işləri, yeni yollar, sosial obyektlər, yaşayış məntəqələri və tarixi-mədəni irsin bərpası bölgədə formalaşan yeni reallıqları əyani şəkildə nümayiş etdirir. Məhz bu məqam Ermənistanın bəzi revanşist dairələrini narahat edən amillərdən biri kimi görünür. Çünki beynəlxalq diplomatların bölgədəki vəziyyətlə bilavasitə tanış olması uzun illər ərzində formalaşdırılmış birtərəfli təsəvvürlərin real mənzərə ilə müqayisəsinə imkan verir.
Erməni mediasında səfərə qarşı yayılan bəzi materiallarda diplomatların tənqid olunması və onların Azərbaycana səfərinin legitimliyinin şübhə altına alınmasına cəhd göstərilməsi də diqqətdən kənarda qalmadı. Belə yanaşmaların diplomatik münasibətlərə və sülh prosesinə xidmət etmədiyi barədə fikirlər səsləndirildi. Burada mühüm məqam ondan ibarətdir ki, sülh prosesi yalnız dövlətlər arasında sənədlərin imzalanması ilə məhdudlaşmır. Davamlı sülh üçün siyasi düşüncənin dəyişməsi, yeni reallıqların qəbul edilməsi və qonşu dövlətin suverenliyinə hörmətlə yanaşılması da vacibdir.
Bir tərəfdən Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin formalaşmasından və münasibətlərin normallaşdırılmasından danışılır, digər tərəfdən Azərbaycanın öz ərazisinə xarici diplomatların səfərinə qarşı etiraz kampaniyaları aparılırsa, burada müəyyən ziddiyyət yaranır. Bu ziddiyyət Ermənistanın bəzi siyasi və media dairələrinin mövqeyində daha aydın görünür.
Azərbaycanın mövqeyi isə aydındır: Qarabağ və Şərqi Zəngəzur Azərbaycan ərazisidir və burada həyata keçirilən bərpa-quruculuq işləri dövlətimizin suveren hüquqları çərçivəsində aparılır. Böyük Qayıdış proqramı ilə bu ərazilərdə həyat yenidən qurulur, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar.
Diplomatik nümayəndələrin həmin prosesləri yerində müşahidə etməsi Azərbaycan üçün mühüm diplomatik imkan olmaqla yanaşı, bölgədəki dəyişikliklərin beynəlxalq ictimaiyyətə birbaşa çatdırılması baxımından da əhəmiyyətlidir. Azərbaycanın bu məsələdə əsas üstünlüyü real nəticələrdir. İşğaldan azad edilmiş ərazilərdə yeni şəhər və kəndlərin salınması, yolların, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin inşası artıq sözlə deyil, əyani şəkildə nümayiş etdirilən reallıqdır. Diplomatların bu prosesləri öz gözləri ilə görməsi onların bölgə haqqında daha dolğun təsəvvür formalaşdırmasına imkan verir.
Bu baxımdan səfərə qarşı çıxan revanşist yanaşmaların mahiyyəti üzərində düşünmək lazımdır. Əgər məqsəd regionda davamlı sülhün və sabitliyin təmin edilməsidirsə, real vəziyyətin beynəlxalq nümayəndələr tərəfindən yerində müşahidə edilməsindən narahatlıq keçirilməsinin məntiqi əsası zəifləyir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərinin böyük hissəsini işğaldan azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi bərpa olundu. Bundan sonra əsas məqsədlərdən biri regionda davamlı sülhün və əməkdaşlığın formalaşdırılmasıdır.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesinin mühüm mərhələsinə çevrilən Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması regionda yeni siyasi mərhələnin formalaşdığını göstərdi. Belə bir şəraitdə revanşist ritorikanın və Azərbaycanın suveren ərazilərində keçirilən səfərlərə qarşı çıxışların sülh gündəliyinə hansı töhfəni verdiyi ciddi sual doğurur.
Azərbaycanın diplomatik səfərlərlə bağlı siyasətinin mühüm tərəfi şəffaflıqdır. Xarici diplomatların işğaldan azad edilmiş ərazilərə dəvət olunması bölgədə görülən işlərin beynəlxalq nümayəndələrə açıq şəkildə göstərilməsinə xidmət edir. Bu, Azərbaycanın öz mövqeyinə və yaratdığı reallıqlara inamının göstəricisidir. Eyni zamanda qeyd etmək lazımdır ki, səfərə dair bütün erməni cəmiyyətinin eyni mövqedə olduğunu söyləmək düzgün olmaz. Ermənistanın siyasi və ictimai mühitində fərqli yanaşmalar mövcuddur. Buna görə də ayrı-ayrı revanşist dairələrin mövqeyini bütövlükdə Ermənistan cəmiyyətinin mövqeyi kimi təqdim etmək doğru deyil.
Bu gün əsas məsələ regionun sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsidir. Bunun üçün Ermənistanın mövcud reallıqları qəbul etməsi, qarşılıqlı suverenliyə hörmət etməsi və düşmənçilik ritorikasından uzaqlaşması vacibdir.
Qarabağ və Şərqi Zəngəzura diplomatik səfər məhz yeni reallıqların beynəlxalq nümayəndələrə yerində göstərilməsi baxımından mühüm hadisə oldu. Revanşist dairələrin buna reaksiyası isə bir daha göstərdi ki, regionda davamlı sülh üçün siyasi sənədlərlə yanaşı, düşüncə tərzinin də dəyişməsi zəruridir.
Azərbaycan öz yolunu müəyyən edib: Zəfərdən quruculuğa, quruculuqdan Böyük Qayıdışa, qarşıdurmadan davamlı sülhə və regional əməkdaşlığa doğru. Bu yol Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, milli maraqları və regionda davamlı sülhün təmin olunması prinsipləri üzərində qurulub.
Eldar Həsənov
Qərbi Azərbaycan icması Ziyalılar Şurasının üzvü, dosent
15:11 16.09.2026
Oxunuş sayı: 44