Ermənistan Qarabağ mövzusunu revanşizmə çevirir
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri bölgədə formalaşmış yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Sentyabrın 11-12-də baş tutan səfər bu istiqamətdə artıq 22-ci belə təşəbbüs olub. Diplomatların Qarabağda aparılan bərpa-quruculuq işləri, tarixi və dini abidələrlə tanış olması, bölgədəki real vəziyyəti yerində görməsi Azərbaycanın mövqeyinin beynəlxalq müstəvidə çatdırılması baxımından diqqət çəkir. Lakin səfərin Ermənistan mediasında qarşılanma forması İrəvanda Qarabağ məsələsi ilə bağlı yanaşmaların tamamilə dəyişmədiyini göstərən müzakirələrə səbəb olub. Xüsusilə “Artsax” ifadəsinin yenidən gündəmə gətirilməsi, Azərbaycan ərazilərinə dair tarixi və siyasi iddiaların səsləndirilməsi sülh prosesinin ruhu ilə ziddiyyət təşkil edən mövqe kimi qiymətləndirilir. Ermənistan rəsmiləri son dövrlərdə Qarabağ məsələsinin ölkənin xarici siyasət gündəliyində olmadığını bəyan etsələr də, erməni media və ekspert dairələrində mövzunun fərqli formada gündəmə gətirilməsi suallar yaradır. Diplomatların Şuşa, Gəncəsər və Xudavəng kimi məkanlara səfərlərinin siyasi müstəvidə təqdim olunması da bu ziddiyyətləri daha qabarıq göstərir. Halbuki Azərbaycan tərəfi bölgədə dini və tarixi abidələrin qorunması, müxtəlif icmaların irsinin saxlanılması və Qarabağın yenidən qurulmasını prioritet istiqamətlərdən biri kimi təqdim edir. Bu fonda əsas müzakirə mövzularından biri Ermənistanın sülh prosesində bəyan etdiyi mövqe ilə media və ictimai mühitdə səslənən ritorikanın nə dərəcədə uzlaşmasıdır. Çünki davamlı sülh yalnız sənədlərin imzalanması ilə deyil, həm də qarşılıqlı olaraq ərazi bütövlüyünün və suverenliyin qəbul edilməsi, revanşist ritorikadan imtina olunması və cəmiyyətlərdə yeni qarşıdurma meyllərinin aradan qaldırılması ilə mümkündür.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a açıqlamasında bildirib ki, Ermənistan mediasının diplomatik səfərə reaksiyası İrəvanın müəyyən dairələrinin yeni reallığı qəbul etmək istəmədiyini göstərir:
“Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-12-də işğaldan azad olunmuş ərazilərə sayca 22-ci səfəri Azərbaycanın bölgədəki reallıqlarını beynəlxalq ictimaiyyətə birbaşa göstərmək baxımından mühüm hadisədir. Lakin Ermənistan mediasının səfərə reaksiyası bir daha göstərdi ki, İrəvanın müəyyən dairələri hələ də yeni reallığı qəbul etmək istəmir. Konstruktiv məqsədə xidmət edən səfərin ətrafında siyasi ittihamlar, tarixi manipulyasiyalar və Qərb diplomatlarına qarşı hücumlar təşkil edilib.
Əgər Ermənistan həqiqətən Azərbaycanla sülhə hazırdırsa, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə diplomatik səfər niyə belə aqressiv reaksiya doğurur? Erməni mediasının bir hissəsinin Fransa, ABŞ və Avropa İttifaqının nümayəndələrini daha çox hədəfə alması xüsusilə diqqət çəkir. Diplomatların Şuşada keçirilən tədbirdə iştirakı, yerli mədəni proqramlara qoşulmasını siyasi qalmaqala çevirmək heç bir məntiqə sığmır. Çünki burada söhbət Azərbaycanın suveren ərazilərindən gedir. Ermənistan isə rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan edib. Görünən budur ki, Ermənistanın sülh sənədlərində və siyasi bəyanatlarda yeni reallıqla bağlı mövqeyi səmimi deyil".

Deputat qeyd edib ki, Ermənistan mediasının “işğal olunmuş Artsax” kimi cəfəng ifadələrdən istifadə etməsi onların əsl simasını göstərir. Azərbaycanın tarixi torpaqlarını qondarma terminlərlə adlandırmaq beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan 2023-cü ilin sentyabrından sonra ərazi üzərində tam suverenliyini bərpa edib və beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyüdür. Ermənistan hakimiyyəti son dövrlərdə Qarabağ məsələsinin Ermənistanın xarici siyasət gündəliyində yer almadığını bildirir. Lakin Ermənistanın media və ekspert məkanında “Artsax” sayıqlamasının yenidən gündəmə gəlməsi müəyyən suallar yaradır. Diplomatların Gəncəsər və Xudavəng monastırlarına səfərindən sonra Ermənistan mediasında “tarixin saxtalaşdırılması”, “albanlaşdırma”, “mədəni soyqırım” kimi ifadələrin önə çıxarılması isə absurddur. Bütün dünya Azərbaycanı multikultural ölkə, bütün dinlərin və xalqların nümayəndələrinin dinc şəraitdə yaşadığı məkan kimi tanıyır və qəbul edir. Azərbaycan bölgədəki dini və tarixi abidələri onların mənşəyindən asılı olmayaraq qorumağa davam edir. Ermənistan isə bu reallığı həzm edə bilmir. Elə bu ölkənin sülh prosesinə münasibəti də məhz bu qərəz kontekstində qiymətləndirilməlidir. Sülh həm də ictimai və siyasi şüurda müharibənin yaratdığı qarşıdurmadan imtina etməkdir. Əgər bir tərəfdən Azərbaycanla sülh sazişi haqqında danışır, digər tərəfdən isə ərazi bütövlüyünü şübhə altına alan mövqe sərgilənirsə, burada real sülhpərvər mövqedən söhbət gedə bilməz. Ermənistan revanşist ritorikadan əl çəkməlidir. Ermənistan diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinə etiraz etmək əvəzinə, Azərbaycanla sülh prosesinin praktiki nəticələrini müzakirə edə, humanitar məsələlər, mədəni irsin qorunması və regional əməkdaşlıq haqqında konstruktiv mövqe ortaya qoya bilərdi. Amma bunun əvəzinə diplomatlar hədəfə alınır, dini abidələr üzərindən yeni qarşıdurma yaradılır. Sülh istəyən tərəf gələcəyə baxmalıdır. Bunun üçün isə ilk növbədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ətrafında yaradılan siyasi manipulyasiyalara son qoyulmalı, Qarabağ mövzusu revanşizm üçün alətə çevrilməməlidir”.
Zeynəb Həsən
16:00 15.09.2026
Oxunuş sayı: 46