Alimlər 1000 illik əlyazmalarda virus izi aşkarladılar
Alimlər heyvan dərisindən hazırlanmış orta əsr perqamentlərində qoyun çiçəyi virusunun DNT-sini aşkar ediblər.
Crossmedia.az xəbər verir ki, araşdırma sentyabrın 2-də “Science Advances” jurnalında dərc olunub.
Tədqiqatçılar virusun 21 yeni genomunu əldə ediblər. Onların fikrincə, bunlar indiyədək aşkarlanmış poksvirus ailəsinə aid ən qədim genomlardır.
Virusun izləri Avropadakı kitabxana və arxivlərdə saxlanılan 17 perqament vərəqində müəyyən edilib. Nümunələr arasında təxminən 990-1020-ci illərdə Kenterberidə hazırlanmış və York kafedralında saxlanılan York İncilinin səhifələri də var.
Virus DNT-si təxminən 800-cü ilə aid latın qlossarisində, həvari Pavelin məktublarının nüsxələrində və digər orta əsr sənədlərində də aşkarlanıb. Müsbət nəticə əldə edilən digər nümunə XV əsrə aid kağız vərəqdən götürülüb.
Alimlər ümumilikdə 754 nümunəni araşdırıblar. Nümunələr arasında arxeoloji qoyun qalıqları və qədim perqamentlər də olub.
Qədim əlyazmaların tədqiqi zamanı konservatorlar vərəqlərin səthini xüsusi pozanla ehtiyatla təmizləyib, əldə olunan tozdan isə DNT-nin çıxarılması üçün istifadə ediblər.
Qoyun çiçəyi qoyunlarda ağır gedişli virus xəstəliyidir və insanlarda rast gəlinən təbii çiçək xəstəliyi ilə qohumdur. İmmuniteti olmayan sürülərdə xəstələnmə səviyyəsi 75-90 faizə, ölüm göstəricisi isə təxminən 50 faizə çata bilər. Cavan heyvanlar arasında ölüm halları 100 faizə qədər yüksələ bilər.
Xəstəlik süd, yun və ət istehsalını əhəmiyyətli dərəcədə azaldır, həmçinin heyvanların dərisində zədələnmələrə səbəb olur.
04:13 09.09.2026
Oxunuş sayı: 36