NATO Rusiyanın sualtı qüvvələrinə qarşı gücünü sınayıb
NATO ölkələri İslandiya sahilləri yaxınlığında Rusiyanın sualtı qayıqlarının axtarışı və aşkarlanması üzrə genişmiqyaslı hərbi təlimlər keçirib.
Crossmedia.az bu barədə ˝Politico˝ya istinadən xəbər verir.
Bu ilki təlimlərin əsas xüsusiyyəti isə ABŞ-nin ilk dəfə manevrlərdə hərbi gəmi və təyyarə ilə iştirak etməməsi olub.
Şimal vikinqləri adlı təlimlərdə Kanada hərbi gəmiləri, Belçika qırıcıları, Almaniyanın kəşfiyyat təyyarələri, həmçinin Fransa, Portuqaliya və digər NATO ölkələrinin qüvvələri iştirak edib. Əməliyyata fransalı kontr-admiral Nikola Molitor rəhbərlik edib.
˝Politico˝-nun yazdığına görə, İslandiyanın strateji əhəmiyyəti onun Qrenlandiya, İslandiya və Böyük Britaniya arasındakı GIUK adlanan dəniz xəttinin yaxınlığında yerləşməsi ilə bağlıdır. NATO bu istiqaməti Rusiya sualtı qüvvələrinin Atlantik okeanına çıxışının nəzarətdə saxlanılması baxımından əsas bölgələrdən biri hesab edir.
İslandiyanın müdafiə naziri Conas Allansson Avropa və Kanadanın regionda daha fəal rol oynamağa başladığını bildirib.
ABŞ-nin təlimlərdə iştirak etməməsi xüsusilə diqqət çəkib. Əvvəlki illərdə Şimal vikinqləri təlimlərində ABŞ qüvvələri aparıcı rol oynayıb. Bu dəfə isə əsas yük Kanada və Avropa ölkələrinin hərbi qüvvələrinin üzərinə düşüb.
Bununla belə, ABŞ-nin İslandiyadakı hərbi mövcudluğu tamamilə dayandırılmayıb. ABŞ hərbi tikinti briqadalarının Keflavik hava limanındakı hərbi hissədə yeni obyektlər üzərində çalışdığı və amerikalı hərbçilərin təlimlərin planlaşdırılmasına dəstək verdiyi bildirilir.
Təlimlər Rusiya ilə Qərb ölkələri arasında gərginliyin artdığı bir vaxtda keçirilib. NATO ölkələri xüsusilə sualtı rabitə kabelləri və boru kəmərləri kimi kritik infrastrukturun təhlükəsizliyi ilə bağlı narahatlıqlarını artırıblar.
NATO rəsmiləri Alyansın ayrı-ayrı ölkələrin iştirakı olmadan da müstəqil fəaliyyət göstərə bilməli olduğunu vurğulayıblar.
21:00 05.09.2026
Oxunuş sayı: 42