ABŞ-da seçki gərginliyi: Məhkəmə yeni məhdudiyyətləri dayandırdı
Massaçusets ştatında federal məhkəmə 2026-cı il aralıq seçkiləri ərəfəsində poçtla səsverməyə dair ABŞ hökumətinin yeni məhdudlaşdırıcı qaydalarının tətbiqini ölkə üzrə dayandıran ilkin qadağa qərarı çıxarıb.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Qərar ABŞ Poçt Xidmətinin poçtla göndərilən seçki bülletenlərinə dair yeni tələblərinin tətbiqinə mane olur. Qaydalar ştatlardan seçicilərin siyahılarını təqdim etməyi və bülletenlərin zərflərində xüsusi ştrix-kodlardan istifadə etməyi tələb edirdi. Tələblərə cavab verməyən bülletenlərin poçtla göndərilməməsi nəzərdə tutulurdu.
Məhkəmə bu dəyişikliklərin seçkiyə az müddət qaldığı bir vaxtda tətbiqinin seçicilərin hüquqlarına ciddi zərər vura biləcəyini nəzərə alıb. Hakim İndira Talvani həmçinin seçki qaydalarının müəyyənləşdirilməsində federal hökumətin səlahiyyətlərinin məhdud olduğunu vurğulayıb.
Mübahisəli qayda ABŞ Prezidenti Donald Trampın mart ayında imzaladığı sərəncam əsasında hazırlanıb. ABŞ Poçt Xidməti isə qaydaların qanuni olduğunu və poçtla səsvermə sisteminin təhlükəsizliyini artırmağa xidmət etdiyini bildirir.
Məsələ ilə bağlı hüquqi mübarizənin davam edəcəyi və administrasiyanın məhkəmə qərarına etiraz etdiyi bildirilir.
10:13 05.09.2026
Oxunuş sayı: 40