Putin Şərq İqtisadi Forumunda çıxış edib
Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumu-2026-da çıxış edib.
Crossmedia.az xəbər verir ki, RİA Novosti bu barədə məlumat yayıb.
Forumun əsas mövzusu “Uzaq Şərq – insanların rifahı naminə inkişaf”dır. Tədbirdə İndoneziya Prezidenti Prabovo Subianto, Monqolustanın Baş naziri Nyam-Osorın Uçral, Myanmanın birinci vitse-prezidenti U Nyo So və Çin Dövlət Şurasının vitse-premyeri Din Syueksyan da iştirak edir.
Putin çıxışı zamanı Uzaq Şərq və Arktika bölgələri ilə bağlı bir sıra yeni qərarları açıqlayıb. Onun sözlərinə görə, 2027-ci il yanvarın 1-dən etibarən Uzaq Şərq və Arktikada biznes üçün vahid güzəştli rejim tətbiq ediləcək.
Eyni tarixdən Uzaq Şərqdə pilotsuz uçuş aparatları üçün xüsusi hüquqi rejimin yaradılması planlaşdırılır. Bölgənin yeni texnologiyaların sürətli və məhdudiyyətsiz sınaqdan keçirilməsi üçün xüsusi platformaya çevrilməsi nəzərdə tutulur.
Bundan əlavə, Uzaq Şərqdə dövlət satınalmaları üçün sadələşdirilmiş sistemin, o cümlədən marketpleyslər vasitəsilə satınalmaların tətbiqi planlaşdırılır.
Putin Rusiyanın şərq və şimal bölgələrində faydalı qazıntıların, o cümlədən neft, qaz və qızıl hasilatının inkişaf etdiriləcəyini də bildirib.
Forumda bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxış edib. O, Putinin ABŞ-nin keçmiş və hazırkı prezidentləri ilə görüşlərindən, həmçinin Berlin şəhərində Rus Evinin bağlanmasına görə Almaniyaya qarşı görülən cavab tədbirlərindən danışıb.
10:40 03.09.2026
Oxunuş sayı: 52