Küveyt İran raket və PUA-larını ələ keçirdi
Küveyt hava hücumundan müdafiə qüvvələri ölkədəki ABŞ hərbi bazalarını hədəf alan İran raket və pilotsuz uçuş aparatlarının qarşısını alıb.
Crossmedia.az xəbər verir ki, Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı bu barədə məlumat yayıb.
Küveyt ordusunun açıqlamasına görə, ölkənin hava hücumundan müdafiə sistemləri İran tərəfindən göndərilən raket və PUA-lara qarşı əməliyyat aparıb. Hakimiyyət eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin gələn təhdidləri zərərsizləşdirməsi ilə bağlı olduğunu bildirib və əhalini təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
İran dövlət televiziyası isə hücumların Küveytdə yerləşən ABŞ hərbi bazalarını hədəf aldığını bildirib. Tehran bu addımı ABŞ-nin İrana qarşı həyata keçirdiyi son hava zərbələrinə cavab kimi təqdim edib.
Beləliklə, İran-ABŞ qarşıdurması fonunda Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə qarşı hücumların coğrafiyası daha da genişlənib. Reuters-in məlumatına görə, İran Küveytlə yanaşı Bəhreyn, İordaniya və İraqdakı ABŞ hədəflərinə də raket və PUA zərbələri endirib.
09:14 03.09.2026
Oxunuş sayı: 41