“VFS Global”ın qanunsuz tələbi sosial narazılıq yaradır – TƏLƏBƏLƏR ETİRAZ EDİR
Xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələrin viza müraciəti zamanı qarşılaşdıqları vəziyyət, onlar üçün süni olaraq yaradılan maneə ciddi narazılıq yaradır. Analoji mövzuya iki gün bundan əvvəl də yayımlanan xəbərimizdə toxunmuşduq. Belə ki, redaksiyamıza müraciət edən tələbələr xarici ölkələrin Azərbaycandakı səfirliklərilə işbirliyi qurub viza sənədlərinin hazırlanması ilə məşğul olan “VFS Global” şirkətinin yaratdığı problemlərdən şikayətlənirlər. Onlar bildirirlər ki, şirkət sığorta seçimi ilə bağlı məhdudiyyətlər tətbiq edir və digər şirkətlərdən alınan sığorta sənədlərini qəbul etmir. Tələb kimi qoyulur ki, yalnız “Meqa Sığorta”nın xidmətindən istifadə olunmalıdır. Əgər “Paşa sığorta”, “Atəşgah sığorta” və ya xaricdəki hansısa sığorta şirkətinin xidmətindən istifadə olunarsa onlar qəbul edilməyəcək. Nümunə üçün bildirək ki, Ukraynada yerləşən sığorta şirkətinin xidmətindən istifadə edən tələbələrin təqdim etdiyi sənədlər qəbul edilməyib. Bildirilib ki, səfirlik ancaq “Meqa Sığorta”nın, bir də İtaliya sığorta şirkətlərinin sənədlərini qəbul edir. “Meqa Sığorta” şirkətinin bu xidməti ucuz göstərməsi bəhanə edilir. Amma qiymətlər nəinki ucuz deyil, hətta ötən il 200 AZN olan xidmət haqqı bu il açıqlanmayan səbəblərdən 300 manata qaldırılıb. Tələbənin və onun ailəsinin üzərinə əlavə 100 manat xərc qoyulub. Edilən şikayətlərə görə, bu sənədi başqa sığorta şirkətlərindən daha münasib qiymətə qarşılamaq imkanı da faktiki olaraq məhdudlaşdırılır. Tələbəyə “sığortanı bu şirkətdən almalısan” yanaşması sərgilənir. Bu isə viza müraciəti üçün tələb olunan sənədlərin hazırlanması, sığorta sənədinin əldə edilməsi zamanı ciddi və haqlı sosial narazılıq yaradır.
Burada ortaya bir neçə sual çıxır: Viza üçün tələb olunan sığorta polisinin hansı şirkətdən alınacağına niyə tələbənin özünün qərar verməsinə imkan yaradılmır? Əgər digər sığorta şirkətlərinin təqdim etdiyi polisələr də müəyyən edilmiş tələblərə cavab verirsə, onların qəbul edilməməsinin hüquqi əsası nədir? Tələbələrin qarşılaşdığı bu məsələ istehlakçının-müştərinin seçim hüququ, rəqabət mühiti və konkret kommersiya xidmətinə yönləndirmə baxımından ciddi araşdırma tələb edən bir vəziyyət yaradıb.
Xüsusilə də əcnəbi şirkət olan və Azərbaycan Respublikasının qanunlarına sayğısızlıq göstərən “VFS Global”ın viza müraciətlərinin qəbulu prosesində vasitəçi xidmət göstərdiyi nəzərə alınarsa, tələbələrə sığorta şirkətinin xidmətilə bağlı şərt qoymasının bu sahədə monopoliya yaradılmasına, korrupsiya mexanizminin olmasına əsaslı şübhələr oyadıb. Burada söhbət 100 manatlıq qiymət fərqindən daha böyük problemdən gedir: xaricdə təhsil almaq üçün viza almağa çalışan gənclərə seçim hüququ verilmir, onlara süni şəkildə əngəllər yaradılır, sosial narazılıq formalaşdırılır.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli qeyd edib ki, tələbə viza almaq üçün hər hansı bir şirkətə xidmət üçün müraciət edirsə, həmin şirkətin tələbənin bütün hüquqlarını əlindən alıb onu istədiyi kimi yönləndirməyə ixtiyarı yoxdur: “Tələbənin sığortalanmaq üçün sərbəst şəkildə şirkəti seçmək hüququ var. Hər hansı bir şirkət bu məsələdə tələbənin hüquqlarını poza bilməz və ona tələb qoya bilməz ki, “sən filan sığorta şirkətində yox, digərində sığortalanmalısan”. Çünki sığortalamada məsuliyyəti sığorta şirkəti və tərəflərin özü bölüşür. Sabah, tutaq ki, hansısa sığorta şirkəti hadisə baş verəndə öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırırsa, bu halda məhkəmə müstəvisində çəkişmə gedəcək. Belə vəziyyətdə viza şirkəti heç bir dəstək addımı atmayacaq və məsuliyyəti tələbənin, onun ailəsinin boynuna qoyacaq. Yəni viza şirkəti belə bir tələb irəli sürə bilməz. Belə bir tələb irəli sürülməsi əslində birbaşa şəxsin, tələbənin hüquqlarının pozulmasıdır. Ona görə də belə bir şərt heç bir halda qəbul oluna bilməz. Şirkətin şifahi şəkildə “gedin filan sığorta şirkətində sığortalanın” tələbinə qarşı tələbələr müqavimət göstərməlidirlər. Tələbə deməlidir ki, “sən mənim seçimimə qarışa bilməzsən. Mən özümü, həyatımı, gələcəyimi harada sığortalamaq lazım olduğunu özüm bilirəm”.
İqtisadçı vurğulayıb ki, hazırda qloballaşan dünyada yerli və xarici şirkətləri bir-birindən ayırmaq düzgün deyil: “Fərqi yoxdur, şirkət xarici olsun, yaxud daxili, ölkə daxilində yaranmış şirkət olsun – Azərbaycanda fəaliyyət göstərən hər bir qurum Azərbaycan vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmalıdır. Bu hörmət vətəndaşın hüquqlarının təminatı ilə həyata keçirilir. Konstitusiya vətəndaşa müəyyən hüquqlar verir. Ona görə də şirkətin yerli və ya xarici olmasının burada fərqi yoxdur. Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir şirkət Azərbaycan vətəndaşının konstitusion hüquqlarını tanımalı və onlara hörmət etməlidir. O ki qaldı qiymətlərin artmasına, əgər viza şirkəti həmin sığorta şirkəti ilə bir növ razılaşmaya gəlibsə ki, “mən bütün müştərilərimi sizə yönəldəcəyəm”, burada ciddi suallar yaranır. Müştərilərin başqa seçim yolu qalmadığı halda həmin sığorta şirkətinin qiymətləri artırması rəqabət məsələsini də gündəmə gətirir. Əslində, burada rəqabət məsələsinin də işə düşməsi vacibdir. Həmin tələbələr, yəni müştərilər məhkəməyə müraciət edə bilərlər. Eyni zamanda, bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etmək mümkündür. Rəqabət məsələsinə nəzarət edən müvafiq qurum da bu halları araşdırmalıdır. Əgər həqiqətən də şirkətlər arasında müştərilərin məcburi şəkildə bir sığorta şirkətinə yönləndirilməsi ilə bağlı razılaşma varsa, bunun hüquqi qiymətləndirilməsi və araşdırılması vacibdir. Çünki belə bir praktika rəqabət mühitinin pozulmasına gətirib çıxara bilər. Məsələyə hüquqi və iqtisadi baxımdan ciddi qiymət verilməsi, tələbələrin hüquqlarının qorunması və mümkün qanun pozuntularının araşdırılması çox vacibdir”.
Məhəbbət Tərlanoğlu
11:45 02.09.2026
Oxunuş sayı: 86