Dünyanın ən qədim xəritəsində bu ölkələr var
Dünyanın günümüzədək gəlib çatan ən qədim dünya xəritələrindən biri hesab olunan Babil xəritəsi gil lövhə üzərində hazırlanıb.
Crossmedia.az xəbər verir ki, Britaniya Muzeyi bu barədə məlumat yayıb.
“Babil dünya xəritəsi” və ya “Imago Mundi” kimi tanınan artefakt Mesopotamiya dünyasının təsvirini əks etdirir. Britaniya Muzeyinin məlumatına görə, mövcud gil lövhə təxminən eramızdan əvvəl VI əsrə aid edilir, lakin üzərindəki qeyd onun daha qədim bir sənəddən köçürüldüyünü göstərir.
Xəritədə dünya dairə formasında təsvir olunub və ətrafı “Acı çay” adlandırılan su halqası ilə çevrələnib. Mərkəzdə Babil şəhəri, həmçinin Assuriya, Der, Bit-Yakin, Habban və Urartu kimi ərazilər göstərilib.
Kiçik dairələr şəhər və ya bölgələri ifadə edir. Xəritənin xarici hissəsində isə əvvəlcə səkkiz olduğu ehtimal edilən uzaq bölgələr və ya adalar üçbucaq formalı işarələrlə göstərilib. Onların bir hissəsi zamanla zədələndiyi üçün məlumatlar tam şəkildə qorunmayıb. Hazırda gil lövhə Londondakı Britaniya Muzeyində saxlanılır.
05:11 30.08.2026
Oxunuş sayı: 58