Rusiya NATO, Aİ, ÜTT və BVF ilə sazişləri ləğv etməyəcək
Rusiya hökumətinin aidiyyəti nazirlikləri NATO, Avropa İttifaqı (Aİ), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Beynəlxalq Valyuta Fondu (BVF) ilə bağlı saziş və müqavilələrin denonsasiya edilməsinin əleyhinə çıxış edir.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Bu barədə TASS-a müsahibəsində Rusiya prezidentinin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harri Minx bildirib.
Onun sözlərinə görə, sözügedən sənədlər Qərblə dialoq üçün hələ də istifadə oluna biləcək vasitədir.
“NATO ilə tərəfdaşlıq, Rusiyanın ÜTT-də və ya beynəlxalq maliyyə təşkilatlarında – BVF, Dünya Bankı qrupunda iştirakına gəlincə, aidiyyəti nazirliklər iştirakımızın denonsasiya edilməsinin əleyhinədir”, – Minx deyib.
O bildirib ki, nazirliklərin mövqeyi bu sənədlərin, eləcə də Rusiya ilə Avropa İttifaqı arasındakı sazişin Qərblə dialoq qurulması baxımından potensialını tam tükətməməsi ilə bağlıdır.
“Adını çəkdiyim müqavilələr digər dövlətlərlə ünsiyyət üçün bir vasitədir. Həm dövlət başçısının, həm də Rusiya xarici işlər naziri Sergey Viktoroviç Lavrovun yanaşması həmişə eynidir: biz ünsiyyətə hazırıq və bundan imtina etmirik”, – Rusiya prezidentinin nümayəndəsi vurğulayıb.
Minx həmçinin qeyd edib ki, Rusiya beynəlxalq müqavilələr üzrə öhdəliklərinin icrasına Qərb ölkələrindən fərqli olaraq məsuliyyətlə yanaşır.
O, Minsk razılaşmalarını nümunə göstərərək bildirib ki, həmin sənədləri imzalayan bəzi xarici dövlətlərin rəhbərləri sonradan razılaşmaları yerinə yetirməyi planlaşdırmadıqlarını açıq şəkildə etiraf ediblər.
“Biz isə başqa məntiqdən çıxış edirik: əgər müqavilələr varsa, onlara əməl edilməlidir”, – Minx əlavə edib.
10:32 20.08.2026
Oxunuş sayı: 48