24 oktyabrda tanıdılan Oppo-nun yeni flaqman modeli "Find X8", artıq dünya bazarına çıxmağa hazırdır. Şirkət, xüsusilə kamerası ilə diqqət çəkən "Oppo Find X8" seriyasının qlobal bazara çıxış tarixini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Oppo Find X8, 21 noyabr 2024-cü ildə dünya üzrə satışa buraxılır.
"Find X8" seriyası Oppo üçün olduqca əhəmiyyətlidir. Avropada hüquqi çətinliklər səbəbindən, əvvəlki seriyaların bəzi modellərini Çin xaricində təqdim edə bilməmişdilər. Lakin Find X8 və X8 Pro modellərindən ibarət bu seriya, 21 noyabrda dünya bazarında satışa çıxarılacaq.
"Oppo Find X6 Pro" və X7 Ultra bazara çıxdıqları vaxtda kamerası ilə ciddi rəqabət aparırdılar. Amma bu cihazlar Avropada satışa təqdim olunmamışdı. "Find X8" seriyasının modelləri isə iki həftə sonra Avropa bazarında da müştərilərə təqdim olunacaq. Qlobal bazar üçün təqdimat tədbiri İndoneziyanın Bali adasında keçiriləcək.
Kamera xüsusiyyətləri və ekran təchizatı
Cihazlar kamera xüsusiyyətləri ilə iddialıdır. Seriyanın əsas modeli 50 meqapiksellik əsas kamera, 50 meqapiksellik geniş bucaqlı obyektiv və 50 meqapiksellik 3x periskop kameradan ibarətdir. Pro modelin kamerası isə xüsusilə diqqəti cəlb edir. Standart modelin üçlü quruluşuna əlavə olaraq, 50 meqapiksellik 6x periskop obyektiv əlavə edilib və bu modeldə dördlü kamera quruluşu mövcuddur.
Ekranlara gəldikdə, standart Find X8"" 6,59 düymlük 120Hz OLED ekran (2760 x 1256) ilə təchiz edilib, Pro versiyası isə 6,78 düymlük 120Hz OLED ekran (2780 x 1264) ilə gəlir. Bundan əlavə, cihazlar MediaTek-in flaqman prosessoru Dimensity 9400 ilə təchiz olunub.
Emil Bağızadə