"OnePlus" keçən ay yeni flaqman modeli "OnePlus 13"ü təqdim edib və cihazın tezliklə beynəlxalq bazarlara çıxarılması gözlənilir. Çin təqdimatında xüsusiyyətləri və texniki detalları dəqiqləşən telefon, qlobal versiyada bəzi yaddaş və rəng seçimləri ilə fərqli təqdim oluna bilər.
Etibarlı mənbədən sızan məlumatlara görə, "OnePlus 13"ün beynəlxalq versiyası iki fərqli konfiqurasiya ilə təqdim ediləcək: 12 GB RAM və 256 GB yaddaşa malik model, həmçinin 16 GB RAM və 512 GB yaddaşa malik model. Əsas model yalnız "Qara Gün Batımı" (Black Eclipse) adlı sadə rəngdə təklif olunacaq. Çinə məxsus "Ay İşığı Qara", "Duman Mavisi" və "Buz Ağ" kimi rəng seçimlərinin qlobal versiyada olmaması diqqət çəkir. Daha yüksək tutumlu model isə "Gecəyarısı Okeanı" və "Qütb Şəfəqi" adlanan daha canlı rəng seçimləri ilə satışa çıxacaq.
"OnePlus 13" ilə yanaşı, "OnePlus 13R" modeli də təqdim ediləcək. Bu cihazın yalnız 12 GB RAM və 256 GB yaddaşa malik bir konfiqurasiyada təqdim ediləcəyi bildirilir. Rəng seçimləri olaraq "Nebula Qara" (Nebula Noir) və "Astral Yolu" (Astral Trail) diqqət çəkir.
"OnePlus 13R" modelinin, Çində təqdim olunan "Ace 5" modelinin yenidən markalanmış versiyası olduğu düşünülür. Cihaz, 1.5K çözünürlük təqdim edən "BOE" istehsalı düz "OLED" ekranla təchiz olunub. Telefon, keçən ilin "Snapdragon 8 Gen 3" prosessorundan istifadə edir və "LPDDR5x RAM" və "UFS 4.0" yaddaş texnologiyası ilə yüksək performans vəd edir.
Kamera baxımından cihaz 16 meqapiksellik ön kamera və 50 meqapiksellik əsas lens, 8 meqapiksellik ultra geniş bucaqlı lens və 2 meqapiksellik makro lensdən ibarət üçlü arxa kamera quraşdırması ilə gəlir.
Batareya tutumu baxımından cihaz, 6000 mAh-lik batareyaya malikdir və 100W sürətli şarj dəstəyi ilə təchiz olunub. Lakin cihazda simsiz şarj funksiyasının olmaması istifadəçilər üçün bir çatışmazlıq kimi qəbul edilə bilər.
Hər iki modelin yaxın zamanda beynəlxalq bazarda satışa çıxarılması gözlənilir. "OnePlus" yeni cihazları ilə həm performans, həm də dizayn baxımından geniş istifadəçi kütləsinə xitab etməyi hədəfləyir.
Sevinc Abuşova