ABŞ-də yaşayan Mark Vanvalkenburgh, "Intel"in 13-cü və 14-cü nəsil prosessorlarında meydana gələn nasazlıqlara görə şirkəti məhkəməyə verib. Vanvalkenburgh, "Intel"in bu prosessorları “ən yaxşı oyun və qeyd təcrübəsi təqdim edən masaüstü prosessorlar” kimi tanıtdığını, lakin bu məhsulların ona müxtəlif problemlər yaratdığını iddia edərək maddi və mənəvi təzminat tələb edib.
Vanvalkenburgh bildirir ki, "Intel" prosessorlardakı bu qüsurları 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində aşkarlasa da, müştəriləri bu barədə xəbərdar etməyib. Vanvalkenburgh-a görə, "Intel" yüksək geri qaytarma nisbətlərinə baxmayaraq istifadəçiləri məlumatlandırmayıb və nasazlıqları aradan qaldırmaq üçün heç bir tədbir görməyib. Şirkətin bu qüsurları gizlədərək haqsız gəlir əldə etdiyini də vurğulayıb.
Vanvalkenburgh "Intel"in davranışını yanıltıcı və qəsdən edilmiş hərəkət kimi xarakterizə edərək, şirkətin yüz milyonlarla dollar təzminat ödəməsini tələb edir. Xüsusilə, bu iddianın yayılmasından sonra Reddit kimi platformalarda bir çox istifadəçinin "Intel"dən daha çox şəffaflıq və zəmanət istədiyi müşahidə edilir.
İddiada yalnız zərərçəkən müştərilərə geri ödəmə edilməsi deyil, həm də "Intel"in gələcəkdə oxşar halların qarşısını alacaq qadağanedici tədbirlər tətbiq etməsi tələb olunur. Əgər bu iddia uğurla nəticələnərsə, "Intel"in marka dəyərində əhəmiyyətli bir azalma baş verə və satışlarına mənfi təsir göstərə bilər.
Emil Bağızadə