Prezidentin gündəliyi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.

Crossmedia.az xəbər verir ki, COP29-a dəvətə, bu tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Ruanda Prezidenti qeyd etdi ki, dövlətimizin başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində çıxışı çox dolğun və məzmunlu idi.

Prezident İlham Əliyev dəvəti qəbul edib COP29 tədbirində iştirakına görə Pol Kaqameyə minnətdarlığını bildirdi.

Dövlət başçısı qeyd etdi ki, COP sədrliyini öz üzərinə götürəndən etibarən Azərbaycana qarşı haqsız və ədalətsiz hücumlar olmuş, beynəlxalq mediada müxtəlif kampaniyalar təşkil edilmişdir ki, bunlar da qəbuledilməzdir. Azərbaycan Prezidenti dedi ki, belə təəssürat yaradılır ki, sanki dünyanı çirkləndirən inkişaf etməkdə olan dövlətlərdir.

Ruanda Prezidenti “Commonwealth” təşkilatı çərçivəsində də Azərbaycanla əməkdaşlıq məsələlərini qeyd etdi.

Dövlətimizin başçısı “Commonwealth” xətti ilə ölkəmizin kiçik ada dövlətlərinə maliyyə yardımı göstərdiyini və Azərbaycanın peyk imkanlarından istifadə edərək həmin ölkələrin iqlim dəyişikliyi nəticəsində qarşılaşdıqları məsələlərlə bağlı məlumat bazasının hazırlanacağını da bildirdi, Azərbaycanın praktiki baxımdan faydalı əməkdaşlığı daim dəstəklədiyini dedi.

Görüşdə Azərbaycanla Ruanda arasında ikitərəfli münasibətlər müzakirə olundu.

Ruanda Prezidenti Azərbaycanın “ASAN xidmət” təcrübəsinin çox maraqla qarşılandığını qeyd etdi. Bu təcrübənin Ruanda da tətbiq olunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olundu.

ASAN və DOST xidmətləri haqqında məlumat verən dövlətimizin başçısı burada göstərilən xidmətlərin keyfiyyətinin vətəndaşlar tərəfindən maksimum şəkildə müsbət qarşılandığını bildirdi.

Görüşdə iqtisadi-ticari əlaqələr, sərmayələr sahəsində əməkdaşlıq, insanlararası təmasların daha da genişləndirilməsi məsələləri müzakirə olundu, birgə işçi qrupunun yaradılması razılaşdırıldı.

Ruanda Prezidenti qeyd etdi ki, Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək niyyətindədir.

Pol Kaqame Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət etdi. Dövlətimizin başçısı da öz növbəsində Ruanda Prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi.

 

 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il