Pullarımız müxtəlif səbəblərdən yararsız vəziyyətə düşür. Zədələnmiş pul əskinaslarını təkcə nağd alış-verişlərdə istifadə edə bilirik. Bəzən nağd alış-verişdə belə pulumuz yararlı olmur. Bu zaman nə edəcəyimizi bilmirik. İnsanların əksəriyyətinin “Mərkəzi Bank”da fəaliyyət göstərən nağd pul ofislərindən xəbəri olmadığı üçün yarasız pullarını nə edəcəklərini bilmirlər.
Mövzuyla bağlı daha ətraflı iqtisadçı Xalid Kərimli Crossmedia.az-a məlumat verib. Ekspert zədələnmiş pulların dəyişdirilməsinin yalnız Mərkəzi Bankın öhdəliyində olduğunu qeyd edib:
"Zədələnmiş pulların dəyişdirilməsi yalnız Mərkəzi Bankın öhdəliyindədir. Kommersiya Bankından və ya mağazadan tələb edə bilmərik. Bu işi yalnız Mərkəzi Bank həyata keçirir. Pulların dəyişdirilməsi üçün Mərkəzi Bank "zədələnmiş yarasız pulların dəyişdirilməsi" haqqında xüsusi qaydalar müəyyənləşdirib. Qaydalardan biri pulun bir hissəsinin, 60 faizinin sağlam olması və seriya nömrəsinin oxunmasıdır. 60%-dən aşağı olsa pul dəyişilməyəcək. Müxtəlif hissələrə bölünmüş pul da ola bilər. Burada əsas şərt yenə minumum 60% sağlam və hər iki seriya nömrəsi oxunsun. Qəpiklərdə olan qayda isə nominalı oxunaqlı olmalıdır".
Ekspert Mərkəzi Bankın "Nağd pul ofis"lərinin yerləşdiyi əraziləri və iş vaxtlarını qeyd edib.
"Mərkəzi Bankın xidmət ofisinə həftənin II, III və IV günləri saat 10:00-dan 13:00-dək, eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə həftənin bütün iş günləri saat 10:00-dan 16:00-dək yaxınlaşıb pulu təqdim edib şəxsiyyət vəsiqəsi ilə tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi mümkündür".
Zeynəb Mustafazadə