İcbari Sığorta Bürosu (İSB) tərəfindən "Yaşıl Kart" Sistemi çərçivəsində ölkə xaricinə yüksək məbləğdə sığorta ödənişi həyata keçirilib.
Crossmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, 79 680,56 manat (43 098,53 avro) məbləğində sığorta ödənişi Almaniyanın Dortmund şəhərində Azərbaycan "Yaşıl Kartı"na malik olan Qazaxıstan dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sahibinin təqsiri üzündən baş vermiş hadisəyə görə ödənilib.
2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan "Yaşıl Kart" sahiblərinin təqsiri səbəbindən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya, Estoniya, Niderland və Belçikada ümumilkdə 264 yol-nəqliyyat hadisəsi baş verib. Həmin sığorta hadisələrinə görə 998 846 manat ödəniş həyata keçirilib.
"Yasil Kart" sistemi üzv büroların qarşılıqlı zəmanəti əsasında, avtonəqliyyat vasitələri ilə xarici ölkələrə səfər edən sürücülərin mülki məsuliyyətini sığortalayan vahid təminat sistemidir.
Sistemin məqsədi xarici avtonəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri zamanı zərər çəkmiş şəxslərin tələblərinin hadisənin baş verdiyi ölkənin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq tənzimlənməsidir.
İcbari Sığorta Bürosu 2016-cı ildən Beynəlxalq Bürolar Şurasına üzv olmaqla əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərir və "Beynəlxalq Yaşıl Kart" Sistemində Azərbaycanı təmsil edir. 2023-cü il yanvarın 1-dən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan yaşıl kartlarının satılması təmin edilir.