SOCAR yerli maliyyə bazarında “yaşıl istiqraz” buraxmaq planlarını açıqladı. SOCAR-ın bu addımı, şirkətin davamlı inkişaf strategiyalarının bir hissəsi olaraq, ətraf mühitə daha az təsir edən enerji layihələrini həyata keçirmək məqsədi daşıyır. Yaşıl istiqrazlar, şirkətin ətraf mühitə olan sadiqliyini və iqlim dəyişikliyi ilə mübarizəyə dair öhdəliyini göstərir.
Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Crossmedia.az-a şərhində bildirib:
“SOCAR-ın yaşıl istiqrazları COP29 tədbir çərçivəsində buraxılmış istiqrazlardır. Bu ümumiyyətlə yaşıl layihələrin maliyyələşdirilməsi məqsədi ilə həyata keçirilən bir addımdır. Başqa sözlə, SOCAR ətraf mühitin qorunması, ələxsus bir sosial məsuliyyət və korporativ idarə etmə sahəsində öz fəaliyyətini daha da təkmilləşdirmək məqsədi ilə belə bir addım atmışdır. Əslində yaşıl istiqrazlara çox böyük ehtiyac vardı. Ümumiyyətlə istiqraz bazarının, yəni istiqrazların emissiya edilməsinə ölkəmizdə ehtiyac vardı. Çünki bu bazar bizdə kifayət qədər inkişaf etməmişdir. Lakin bunu qeyd etmək istəyirəm ki, buna ehtiyac olsa da, ilk növbədə qanunvericilik bazasında müəyyən qədər irəliləyişlərin əldə olunmasına ümumiyyətlə qanunvericilik məsələlərinin yaşıl istiqrazlarının emissiyası ilə bağlı qanunvericilik bazasında düşünürəm ki, müəyyən qədər təkmilləşdirilməyə ehtiyac vardır. Bütün hallarda hazırki vəziyyətdə belə bir istiqrazları buraxmaq olar və SOCAR bu addım atır. Mən hesab edirəm ki, bu digər qurumlar üçün nümunə olacaqdır. Qeyd etmək istəyirəm ki, “Azərbaycan Republikasının İpoteka və Kredit Zəmanət” Fondunun da bilavasitə bu qəbildən olan istiqrazların dəstəklənməsi baxımdan mövcud mexanizmləri vardır. Hesab edirəm ki, bu faktor da yaşıl istiqraz bazarının genişlənməsinə öz töhfəsini verə bilər”.
Samirə Şərif