İqtisadiyyat

Azərbaycan azad edilmiş ərazilərdə kənd yerlərinin inkişafı sahəsində türk dövlətləri ilə səmərəli əməkdaşlıq edir.

Crossmedia.az xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Qlobal məqsədlərdən yerli səviyyədə fəaliyyətə: Dayanıqlı aqrar-ərzaq sistemlərinin gücləndirilməsi üzrə regional təşəbbüslər" mövzusunda tədbirdə bildirib.

"Bu tərəfdaşlığın əsas məqsədi ən yaxşı təcrübələrin və texnologiyaların mübadiləsini təmin etməkdir. Təbii ki, hökumətlə yanaşı, biznes də bu prosesdə mühüm rol oynayır. Biz bu təşəbbüsləri biznes ictimaiyyəti ilə əməkdaşlıq şəklində həyata keçirməyi planlaşdırırıq.

Bu baxımdan tərəfdaş ölkələrin bizneslərini Qarabağ və Şərqi Zəngəzurda investisiya perspektivlərini araşdırmağa dəvət edirəm. Biz gözləyirik ki, biznes ictimaiyyəti möhkəm tərəfdaşlıq əlaqələri quracaq və azad edilmiş ərazilərdə qabaqcıl təcrübə və texnologiyaları tətbiq edəcək", - deyə nazir bildirib.

M. Məmmədov qeyd edib ki, Azərbaycanın azad edilmiş ərazilərində, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu torpaqlarda 128 mindən çox hektar kənd təsərrüfatı ərazisi bərpa olunub.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il