Uşaqlıq travması insanın uşaqlıq dövründə yaşadığı və onun emosional, psixoloji və bəzən də fiziki inkişafına mənfi təsir göstərən hadisə və ya təcrübələrə verilən addır.
Bu mövzu haqqında Crossmedia.az-a ailə və uşaq psixoloqu Aynur İsmayılova danışıb:
"Uşaqlıq travmaları 6 yaşa qədər, yəni uşaq emosional yaşına (EQ) çatana qədərki dövrdə yaranır. Hər bir uşağın mütləq şəkildə travması var. Heç vaxt deyə bilmərik ki, bir insan və ya uşaq travmasızdır. Valideyn onu sevsə, qorusa, hətta yaxşı davransa belə uşağın xarakterinə uyğun az və ya çox dərəcəli travmaları var. Çox travmalı uşaqlar özlərini məktəbdə, bağçada davranış, aqressiya və ya isterik pozuntusu olan şəxs kimi göstərirlər".
Psixoloq travmaların yaranma səbəblərini açıqlayıb:
"Travmların yaranmasına səbəb insanın və ya uşağın xarakterindən asılı olaraq, bu davranışı necə qarşılaması və reaksiya verməsidir. Travmaların ağır forması yəni uşağın, yeniyetmənin psixoloji dəstək almaması, evdə olan aqressiv, fiziki şiddət görən bir ailənin, ata və ananın münasibətinin düzəlməməsi, gələcəkdə daha ağır travmalara və ya şəxsiyyət pozuntularına gətirib çıxarır"
Aynur İsmayılova uşaqlıq travmalarının müalicə üsullarından da danışıb:
"Travmaların qarşısını almaq mümkün olmasa da, yumşaltmaq mümkündür. Uşaqların yeniyetməlik yaşlarına qədər psixoloqların, pedaqoqların, loqopedlərin müdaxiləsi ilə travmaları müalicə etmək mümkündür. Bu zaman istənilən uşaq və ya yeniyetmə həyatı dərk etməyə, ətrafının ona olan münasibətinin fərqində olmağa başlayır".
Ağakərimova Aysel