Tez-tez rast gəldiyimiz insan tiplərindən biri də “passiv-aqressiv şəxsiyyət pozuntusu”na malik olan şəxslərdir. Bu insanları necə tanımaq olar?
Mövzu ilə bağlı psixoterapevt Elmir Əkbər Crossmedia.az-a öz fikirlərini bildirib:
“Şəxsiyyət pozuntusu”nun mənası bədii-fəlsəfi deyil, pataloji xarakter daşıyır. Azərbaycanda bu xəstəliklərin 10-cu beynəlxalq təsnifatı aktualdır. Bunu orada ayrıca bir diaqnoz şəklində deyil, sadəcə “digər spesifik şəxsiyyət pozuntuları”, “F60.8 diaqnozu”yla təsvir ediblər”.
Psixoterapevt E. Əkbər “passiv-aqressiv şəxsiyyət pozuntusu”na malik şəxslərdəki əsas xüsusiyyətlərdən danışıb:
“Bu insanların daxilində, ətrafdakı digər insanlar haqqında ciddi aqressiv münasibət var. Bu, bəzən şüurlu, bəzən şüursuz şəkildə baş verir. Ancaq onlar öz aqressiyalarınl açıq-aydın şəkildə ifadə etməyərək daxildə saxlayırlar. Bu aqressiya isə şəxsin davranışlarında özünü dolayı yolla büruzə verir.
Biri var kimsə, kiməsə “bax sən bunu düz etmirsən, mən narazıyam, bu hərəkətindən xoşum gəlmir” aqressiyasını açıq şəkildə ifadə etsin. Biri də var ki, bu fikirlər həmişə üstüörtülü və ya dolayı şəkildə özünü göstərsin.
Ümumiyyətlə, onlar düşməncəsinə istəklə, narazılıqla tabe olurlar. Tabe olsalar belə, qarşı tərəfdə qüsurlar, səhvlər axtarır, müsbət tərəflərini görmək istəmir, daim həmin insana qarşı qıcıqlanır, onlardan həmişə məyus olurlar. Öz ehtiyaclarını açıq-aydın şəkildə ifadə etmirlər”.
Elmir Əkbər bu şəxslərə diaqnoz qoyulan zaman ən çox diqqət edilən məqamlardan da bəhs edib:
“Dolayı simptonlar da var ki, bu dediyimiz halı tam da xatırlatmaya bilər. Onlar hər hansı bir işi ləngitməyə meyllidirlər. Bunun adı son zamanlarda insanlar arasında çox yayılmış “prokrastinasiya”dır (ertələmək).
Bu, başqa hallarda da olur. Diqqət xəstəlikləri problemini buna nümunə göstərmək olar. Adətən yaşı böyük insanlarda diqqətin yayılması problemi olanda, bu mütləq baş verir. Belə olan təqdirdə həmişə bir işi ən son məqamda görürlər. Adətən elə insanlar haqqında “çox istedadlıdır, ancaq başladığı heç bir işi sona çatdıra bilmir” deyilir. Bu, diqqət xəstəliklərinə aid olan problemdir.
Çox zaman konfliktə meylli olan passiv-aqressiv şəxsiyyət pozuntusuna malik insanlarda, işi ertələmək, lazım olan vaxtda yekunlaşdırmamaq, ləngitmək kimi xüsusiyyətlər var. Onlar daim üzü turşumuş, narazı simayla gəzir, hər şeyə tez qıcıqlanırlar.
Xüsusilə özü istəmədiyi iş ona təqdim olunanda bu kimi problemlər yaşanır. Həmin işi etməmək üçün “yadımdan çıxdı” kimi ifadələr, onların ən əsas bəhanəsidir. Eyni zamanda, başqaları işinin keyfiyyətini artırmaq məqsədi ilə ona məsələhətlər verdikdə, hirslənir və etirazını bildirir. Asılı olduğu rəhbər olan insana qarşı, daim tənqidi yanaşır.
Ümumiyyətlə, bu insanlarda əsassız tənqid çoxdur. Ələlxüsus da səlahiyyətli, uğurlu insanlara qarşı hər zaman tənqidi münasibət bəsləyirlər.
Psixoterapevt, bu kimi pozuntulara doğru diaqnoz qoyulmamasından danışıb:
“Təəssüf ki, bizdə passiv-aqressiv şəxsiyyət pozuntusuna malik insanların sayı həddən artıq çoxdur. Amma insanlar onları öz adları ilə çağırmır, başqa şəkildə adlandırırlar. Bunları narsist, paranoid kimi digər psixoloji problemlərlə əsaslandırmağa çalışırlar. Bu da ondan irəli gəlir ki, insanların psixoterapiya haqqında məlumatı yoxdur. Onlar ancaq nevroloji və psixiatrik-iflic, parkinson, alzheimer, şizofreniya kimi xəstəlikləri tanıyırlar. Diqqət pozuntusu barədə demək ki, heç nə bilmirlər”.
Aysel Ağakərimova