Qeyri-sabit hava şəraitində yollarda yaranan təhlükələr sürücülər üçün ciddi narahatlıq yaradır. Yolların sürüşkənliyi, görünüş məsafəsinin məhdudlaşması və ya avtomobillərin texniki baxımının natamam olması kimi faktorlar qəza risklərini artıra bilir.
Nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, yağışlı havada yollarda qəza baş verməsi ehtimalı adi hava şəraitinə nəzərən daha çoxdur. Əsədovun sözlərinə görə, bu risklərin əsas səbəblərindən biri sürücülərin nəqliyyat vasitələrinin texniki parametrlərinə yetərincə nəzarət etməmələridir:
"Əyləc-tutma sistemlərinin düzgün işləməsi, mühərrik-sürtkü və qatqı yağlarının vaxtında və düzgün şəkildə dəyişdirilməsindən asılıdır. Sükan və əyləc mexanizmlərindəki detalların düzgün işləməməsi isə yağışlı havada qəza risklərini daha da artırır. Yağışlı hava şəraitində sürüşkən yollar və qeyri-sabit hərəkət şəraiti sürücülər üçün əlavə təhlükələr yaradır",- deyə Aslan Əsədov bildirib.
Ekspert həmçinin vurğulayıb ki, nəqliyyat vasitələrinin texniki baxımı zamanı əyləc və işçi detalların vəziyyətinə xüsusi diqqət yetirilməlidir:
"Bu proseslər düzgün icra edilmədikdə yağışlı havada baş verə biləcək qəzaların qarşısının alınması çətin olur", - deyə Aslan Əsədov əlavə edib.
Nihat Tahirov