Tullantıların təkrar emalı həm də ətraf mühitin idarə olunmasının vacib aspektidir.
Təkrar emal, zibil kimi atılacaq materialların toplanması, emalı və yeni məhsullara çevrilməsi prosesidir. Bu, cəmiyyətə, iqtisadiyyata və ətraf mühitə fayda verə bilər. Təcrübə göstərir ki, təkrar emal olunmuş məhsulların keyfiyyəti nəmli zibil və sınmış şüşə ilə çirklənmə nəticəsində aşağı düşür.
Mövzu ilə bağlı “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Crossmedia.az-a açıqlamasında bildirib:
“Müasir dünyanı narahat edən əsas ətraf mühit problemlərindən biri də tullantıların artmasıdır. Azərbaycanda da bu problem aktualdır. Əlaqədar qurumların bununla bağlı tədbirlər görməsinə ehtiyac var. Vəziyyətdən çıxış kimi dünyada qəbul olunmuş həll yollarından biri tullantıların təkrar emalıdır. Tullantıların təkrar emalı təbii sərvətlərdən səmərəli istifadəyə yol açır, məşğulluğu artırır. Həmçinin təkrar emal zibilxanaların yüklənməsinin qarşısını alır, xammalın hədsiz istismarını ləngidir. Gələcək nəsillərə ekoloji təmiz, yaşanıla bilən planet qoyub getmək istəyiriksə, tullantıların təkrar emalı məsələsində uğurlu layihələri davam etdirməliyik".
Ekspert həmçinin bildirib ki, 20 il bundan öncə Bakı şəhərində məişət tullantılarının idarə olunmasında problemlər var idi:
"Mənzil İstismar Sahələri (MİS) miqrantlarla yüklənmiş şəhərin məişət tullantılarından təmizlənməsini həyata keçirə bilmir, zibil harda gəldi yandırılırdı. Bu isə atmosferin çirklənməsinə səbəb olaraq, pis qoxu şəhəri bürüyürdü. Balaxanıda bərk məişət tullantıları zavodu yaradıldıqdan sonra bu problem əhəmiyyətli dərəcədə azaldı. Bakıda bu problem qismən həll edilib. Lakin ölkənin digər iri şəhərlərində bu, hələ də problem olaraq qalır. Yay aylarında qərb bölgələrində olduq. Gəncə və ətraf bölgələrdə məişət tullantıları düzgün idarə olunmur. Yaxşı olar ki, bu bölgədə də məişət tullantılarının emalı müəssisəsi açılsın. Ən azı tullantıların tədarük məntəqəsi yaratmaq olar”.
Samirə Kərimli